AZ

İlk dəfədir ki, biz beynəlxalq təşkilatları yox, onlar bizi axtarırlar-QHT nümayəndələri

Məsələ ilə bağlı Modern.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, COP29-un Bakıda keçirilməsi həm Azərbaycan, həm də dünya üçün mühüm hadisədir:

"Çünki bu BMT-nin tədbiridir, Azərbaycan burada təşkilatçı qismində iştirak edir. Mən özüm də tədbirin iştirakçısıyam. Deyə bilərəm ki, tədbir olduqca yüksək səviyyədə təşkil olunub. Çox geniş təmsilçilik var və mühüm məsələlər müzakirə olunur. Bütün dünyanın vətəndaş cəmiyyəti nümayəndələri də Bakıya gəlib. Biz də onlarla görüşmə və müzakirə aparmaq imkanındayıq. Amma bir məsələ var ki, iqlim dəyişikliyi ilə qlobal səviyyədə mübarizə, təəssüf ki, atmosferi çirkləndirən əsas dövlətlər tərəfindən o qədər də dəstəklənmir. Paris razılaşmasına həmin dövlətlər əməl etsəydilər, vəziyyət bu yerə gəlib çıxmazdı. Onların atmosferə vurduqları ziyan kiçik dövlətləri qurbana çevirdi. Onlar daha çox maliyyə ayırmalıydılar. Hələki Bakıda  da bu müzakirələr gedir. Ümid edirik ki, müsbət nəticə əldə olunacaq". 

S.Məmmədov vurğulayıb ki, iqlim dəyişikliyi qlobal problemdir. Bu, yalnız antropogen, yəni insan amilindən asılı deyil. Zaman-zaman dövri,əsri olaraq, günəş aktivliyinin artması ilə bağlıdır. Ona görə də bəşəriyyət resurslarını daha düzgün yönəltməlidir. İndiki halda yaşıl enerjinin az qala iqlim dəyişikliyinin qarşısının alınmasına yönələn yeganə tədbir olması ilə razı deyiləm. Alternativ enerji mənbələrinin çoxalması, ənənəvi enerji mənbələrinin isə azaldılması bu problemi həll etməyəcək. Bu, daha ciddi problemdir. Ona görə də səylər və resurslar düzgün yönləndirilməlidir".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli isə söyləyib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, güclənmiş mövqelərinin, ölkəmizə olan böyük etimadın göstəricisidir:

 

"Müstəqil Azərbaycanın tarixində COP29 ən böyük tədbirdir. Eyni zamanda COP29-a evsahibliyi edən Azərbaycan özünün alternativ enerji ambisiyalarını nümayiş etdirir və bu sahədə də lider olmaq istəyini, əzmini göstərir. Azərbaycanın elan etdiyi planlar, həqiqətən də, çox ambisiyalıdır və ölkəmizin potensialını bütün dünyaya nümayiş etdirir. Azərbaycan,həmçinin ənənəvi enerji istehsalçısı kimi məsuliyyətli davranışı ilə seçilir. Bu istiqamətdə təşviq fəaliyyətləri ilə iqlim dəyişmələrinə qarşı mübarizədə öz gücünü göstərir və prosesə geniş töhfə verir. COP29  Azərbaycana bu sahədə də fəaliyyətlərini sərgiləməyə, göstərməyə imkan verir. Eyni zamanda COP29 bütün dünyanın toplaşdığı platformadır. Azərbaycan COP29-da inkülizvliyi təmin etməklə ada dövlətlərinin, inkişaf etməkdə olan dövlətlərin səsini bütün dünyaya çatdırır və kollektiv məsuliyyəti təşviq edir. . Azərbaycan dinlərarası, mədəniyyət və sivilizasiyalararası dialoq təşəbbüslərinin qaynağı, eyni zamanda bu istiqamətdə əsas fəallıq göstərən ölkələrdən biri kimi diqqət çəkir. Eyni zamanda Azərbaycan son illər müstəmləkəçiliyə, neokolonializmə qarşı mübarizəni dəstəkləyir. COP29 Azərbaycana sülh və iqlim hədəflərini birləşdirmək imkanı yaradır. Azərbaycan sülh gündəliyinə sadiqliyi ilə yanaşı,iqlim dəyişikliklərinin idarə olunmasında, ətraf mühitin qorunmasında da genişmiqyaslı səyləri ilə seçilir. COP29 elə bir unikal platformadır ki, Azərbyacana hər iki istiqamətdəki fəaliyyətini bütün dünyaya çatdırmaq imkanı verir".

Z.İbrahimli qeyd edib ki, Bakıda keçirilən COP29 ən mühüm konfranslardan biri olacaq:

"Çünki burada kollektiv maliyyə cəmiyyəti indikatoru müzakirə olunur. Paris İqlim Sazişinin 6-cı bəndinin tam həcmdə yerinə yetirilməsində öhdəliklərin gücləndirilməsi ilə bağlı danışıqlar keçirilir. COP29 çərçivəsində Azərbaycan bu istiqamətdə çox böyük səy göstərir. Hesab edirəm ki, Azərbaycanda aparılan müzakirələr, danışıqlar yaxın gələcəkdə iqlim dəyişiklərinin idarə olunması və ətraf mühitin qorunmasında qlobal öhdəliyi daha da gücləndirəcək və ən uğurlu nəticələrdən biri kimi tarixə düşəcək".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü COP29-un Azərbaycan vətəndaş cəmiyyəti üçün unikal bir şans olduğunu vurğulayıb:

"İlk dəfədir ki, biz beynəlxalq təşkilatları yox, onlar bizi axtarırlar. COP tarixində bir ilk olaraq, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının koalisyası yaradılıb. Bu da Azərbaycan vətəndaş cəmiyyətinə böyük imkanlar verir. Azərbaycan evsahibi kimi vətəndaş cəmiyyətinin geniş iştirakçılığını təmin edib, indiyə qədər olmayan həcm və miqyasda ada dövlətlərini, o cümlədən inkişaf etməkdə olan dövlətlərin vətəndaş cəmiyyətlərinin COP29-da iştirakına şərait yaradıb. Hesab edirəm ki, hər bir sağlam düşüncəli insan ətraf mühitin qorunması məsələlərinə olduqca həssas yanaşmalıdır. Faktiki olaraq bu, bəşəriyyətimiz, dünyamız üçün ölüm-qalım məsələsidir. Hər bir insan özü fərdi qaydada ətraf mühiti qorumaqla, eyni zamanda ictimai təşəbbüslərə dəstək verməklə bu fəaliyyətlərin uğurla nəticələnməsinə çalışmalıdır. Çünki təbiət bizim anamızdır. Ətraf mühit eroziyaya uğradıqca hər birimiz bundan əziyyət çəkirik. Bunun bir sıra neqativ təsirləri gözlə görünəndir. COP29 fərdi, ictimai təşəbbüslərlə dövlət orqanları, hökumətlər səviyyəsində və özəl təşəbbüslərin bir məcrada birləşdirilməsinə imkan yaradır. Gündəlik müzakirələrdə iştirak edirik. Doğrudan da, iqlim icmasının yorulmaz səylərini görürk. Hesab edirəm ki, hər birimiz də ictimai təşkilatların, dövlət orqanlarının, özəl sektorun ətraf mühiti qorumaq səylərinə dəstək verməliyik. Hər birimiz ətraf mühitin təmizliyini qorumaqla, ianələrlə əlimizdən gələni etməliyik. Çünki ətraf mühiti qorumaqla biz özümüzü qorumuş oluruq".

Seçilən
35
modern.az

1Mənbələr