AZ

5G şüalanması siçovulların beynində dəyişikliklərə səbəb olub

Rusiyada Tomsk Dövlət Universitetinin (TDU) alimləri təcrübə apararaq 5G antennasının gəmiricilərin orqanizminə necə təsir etdiyini qiymətləndiriblər. Məlum olub ki, şüalanma siçovulların beyin toxumasında dəyişikliklərə səbəb olur, yəni antioksidantlarla prooksidantların nisbətini əhəmiyyətli dərəcədə dəyişir.

Radiotezlikli maqnit şüalanmasının təsiri bu günə qədər kifayət qədər öyrənilməmişdir, lakin ÜST ətraf mühitin elektromaqnit çirklənməsinin ən təhlükəli ola biləcəyini bildirir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi radiotezlikli elektromaqnit sahələrini (RF-EMF) insanlar üçün “mümkün” (Qrup 2B) kanserogen kimi təsnif edir.

Bu tədqiqatın məqsədi qeyri-ionlaşdırıcı şüalanmanın müxtəlif yaşlarda olan siçovullara təsirini müəyyən etmək idi: yetişməmiş erkəklər 5-6 həftəlik (insanlarda yeniyetməlik dövrünə uyğundur), 10-11 həftəlik (insanlarda 40+ yaş) və 17-18 həftəlik (insanlarda 65 yaş). Vistar xəttinin siçovulları ona görə seçilib ki, çünki onlar müxtəlif təsirlərə insanla oxşar reaksiyalara malikdirlər.

5G antenası TDU radiofizikləri tərəfindən hazırlanmışdır, siçovullar 5 həftə onun təsirinə məruz qalmışdır ki, bu da insan ömrünün təxminən dörd ilinə uyğundur. Gəmiricilərin ümumi fizioloji xüsusiyyətləri öyrənilmişdir: bədən çəkisi, temperatur və idrak qabiliyyətləri.

Nəticələr göstərdi ki, antennaya məruz qalan siçovullarda tədqiq edilmiş göstəricilərin heç biri nəzarət qrupundan olan siçovullarda olan göstəricilərdən fərqlənmir. Yəni radiasiyanın təsiri altında olan heyvanlar ağrı, qorxu, stress keçirməmiş və rifah içində idilər.

Bununla belə, beyin toxumasının daha hərtərəfli tədqiqi zamanı məlum olub ki, gəmiricilərdə 5G antennasına məruz qaldıqdan sonra antioksidantların (orqanizmi sərbəst radikallardan qoruyan maddələr - red.) və prooksidantların (oksidləşdirici stress yaradan maddələr - red.) nisbətində ciddi dəyişiklik baş verib.

Alimlər şərh edirlər ki, bu dəyişikliklərin hansı nəticələrə gətirib çıxaracağı qeyri-müəyyən olaraq qalır: yeni qabiliyyətlərin yaranması, hər hansı bir qabiliyyətin itirilməsi və ya orqanizm bu pozğunluqları kompensasiya edə biləcək.

Müəlliflər tədqiqatları davam etdirməyi – dişilərin iştirakı ilə bir sıra eksperimentlərin aparılmasını, həmçinin 5G radiasiyasının şüalanmış valideynlərin övladlarına təsir edib-etmədiyini müəyyən etməyi zəruri hesab edirlər.

Almaz Həsənli

Seçilən
34
oxumeni.az

1Mənbələr