AZ

Dinlə cini necə qarışıq salmamalı? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Son vaxtlar Azərbaycanda siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur. Öncəki cəhdlərdən (etnik, sosial, siyasi qarşıdurma yaratmaq) bir nəticə əldə edə bilməyən xarici qüvvələr indi də dini məsələləri orta atıblar və cəmiyyətdə parçalanma yaratmaq üçün ölkədəki əlaltılarına yeni sifariş veriblər. Lakin Azərbaycanda dini tolerantlıq hökm sürür, heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.

Belə görünür ki, Azərbaycanın sürətlə hərbi, iqtsadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunu artırması, regionda söz sahibinə çevrilməsi bəzi xarici dairələri yaman narahat edir. Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, bəzi digər ölkələr kimi Azərbaycanda radikal teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir. Bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) xarici dairələrin böyük rolu olduğu şübhəsizdir. Məlum olur ki, kobud desək, dava “din davası deyil, dən davasıdır”.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda etnik və dini qruplar arasında elə qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil. Buna görə də, hər hansı dini qrupların, onların xarici havadarlarının əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

Ölkədə dini mariflənmənin zəif olması, bu fonda bəzilərinin müxtəlif təriqətlərə meyl etməsi 2 əsas səbəblə bağlıdır- dinə elmi yanaşmanın olmaması və social problemlər. Düzgün dini baxışların olması üçün mütləq şəkildə məktəblərdə din dərsləri keçirilməlidir. Biz müsəlman ölkəsiyik və həmin din dərslərində İslamın müqəddəs kitabı olan Qurani-Kərim öyrədilməli, Quranda keçən məsələlər uşaq vaxtından izah olunmalıdır ki, sonrakı dövrlərdə onlar hansısa təriqətlərin, məzhəblərin tələsinə düşməsinlər.

Eyni zamanda digər dinlər barəsində də məlumatlar verilməli, digər dinlərin müqəddəs kitablarından müəyyən xüsuslar öyrədilməlidir. Bununla bərabər, mediada, xüsusilə televiziyalarda dini verilişlər olmalıdır; orada Quran ətraflı izah olunmalı və Qurandan əlavə uydurma məlumatlar burada əksini tapmamalıdır. Bu yolla biz elmi dini maariflənmənin güclənməsinə nail olub, dini radikallaşmanın qarşısını müəyyən dərəcədə almış olarıq.

Dini radikallaşmanın ikinci səbəbi kimi sosial-iqtisadi məsələləri göstərmək olar. Bir çox ölkələrdə təhlükəli təriqətlərə qoşulanların əksəriyyəti cahil, savadsız, işsiz və yoxsul adamlardır ki, onlar belə təriqətlərin aldadıcı təsirinə tez düşürlər və ya hansısa sosial səbəbdən bir şeylər əldə etmək üçün bu təriqətlərə qoşulurlar.

Əgər bu insanların normal həyat şəraiti, iş şəraiti, təhsili və sosial vəziyyəti yaxşı olsa, belə təhlükəli təşkilatlara, təriqətlərə, qruplara üzv olub orada fəaliyyət göstərməkdə maraqlı olmayacaqlar. Biz mediada da canlı şahidi oluruq ki, belə təhlükəli qruplar insanları pulla və din adı ilə öz üzvlüyünə qəbul edib istifadə edirlər. Nəzərə alsaq ki, onlar üçün ən rahat hədəf sosial qayğıya ehtiyacı olan, ağır vəziyyətdə və işsiz, yoxsul olan insanlardır, onları öz tərəflərinə çəkmək daha rahatdır. Bu baxımdan, ölkədə həyata keçirilən sosial siyasət elə olmalıdır ki, bütün insanların normal yaşayış şərtləri, sosial hüquqları, sosial rifahı, təhsili, iş məsələsi, asudə vaxt keçirmək məsələsi düzgün təmin olunsun ki, belə zərərli meyillərə maraq göstərməsinlər.

Hər bir halda həm dövlət (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlər Fondu), həm ictimai institutlar (QHT-lər, dini icmalar və s), həm də də media bu sahədə ciddi maarifləndirmə işləri aparmalıdır. Bundan başqa, insanların sosial ehtiyacları ödənilməlidir ki, onlar ehtiyac ucbatından hanısasa radikal qruplara qoşulmasınlar.

Seçilən
60
sesqazeti.az

1Mənbələr