AZ

"Yaşıl" hədəflərə çatmaq üçün 3 əsas element vacibdir - Rumıniyalı nazir

"Yaşıl" hədəflərə çatmaq üçün 3 əsas element vacibdir.

Olaylar xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Bu gün qarşımızda mürəkkəb, lakin mümkün olan bir vəzifə dayanır. Biz həm təhlükəsiz, əlçatan, rəqabətədavamlı, həm də ekoloji cəhətdən təmiz enerji ilə dünyanı necə təmin edəcəyimizə qərar verməliyik. İndi hərəkət etməyin vaxtıdır. Mənim fikrimcə, bunun üçün üç əsas elementə ehtiyacımız var.

Birincisi, ümumi baxışdır. Dünyanı qarşılıqlı əlaqəli bir sistem kimi görməliyik, burada bütün ölkələr ümumi yaşıl dəhlizlərlə birləşir. Bu baxış təcrid və ayrılma meyillərini istisna edir. Əksinə, xalqlarımızın rifahına xidmət edəcək əlaqələri gücləndirməliyik.

İkincisi, təxirəsalınmazlıqdır. Bu gün dünyada yüz milyonlarla insan hələ də elektrik enerjisinə çıxışdan məhrumdur. Bizim regionda enerji qiymətləri hələ də çox yüksəkdir ki, bu da həm ev təsərrüfatlarına mənfi təsir edir, həm də sənayenin rəqabət qabiliyyətini azaldır. Bundan əlavə, enerji təchizatı təhlükəsizliyi təhdid altındadır. İnfrastruktur investisiyaları trilyonlarla dollarla ölçülür və bu günə qədər olduğundan daha çox resurs səfərbər etməliyik. Üstəlik, vaxtımız məhduddur.

Üçüncüsü, fəaliyyətə hazırlıqdır - iddialı vədləri konkret layihələrə çevirmək lazımdır. Biz kabelləri, yeni meqavatları və enerji sistemlərimizdə real nəticələri görməliyik. Bu, çətin bir çağırışdır, lakin Rumıniya olaraq biz bu çağırışı qəbul etməyə hazırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
1
olaylar.az

2Mənbələr