AZ

Daniel Olmo cari futbol təqvimini tənqid etdi

“Barselona”nın və İspaniya yığmasının hücumameylli yarımmüdafiəçisi Daniel Olmo cari futbol təqvimini tənqid edib.

Arena.az AS dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Təqvim yenidən cəhənnəmə çevrilir. Çempionat mayın 25-də başa çatacaq, UEFA Millətlər Liqasının dördlər finalı iyunun 4-dən 8-ə qədərdir, klublararası dünya çempionatı isə iyunun 15-də başlayacaq. Nə deyə bilərəm? Bu təqvimə yenidən baxılmalıdır. Bu qədər oyunun olması ağının çıxarılmasıdır. İstirahət vacibdir. Üç gündən bir oyun keçirmək təhlükəlidir. Biz yüz faiz hazırlaşırıq, amma bədənin də həddi var. Təqvimə yenidən baxmaq gərəkdir, bu, həddən artıqdır”.

Olmo həmçinin Daniel Karvaxal və Rodri kimi oyunçuların zədə almasının səbəblərindən biri kimi, ifrat sıx oyun təqviminin təsirinin olması ilə bağlı sualı da cavablayıb:

“Bu, bizim bir-birimizlə müzakirə etdiyimiz xüsusdur. Peşəkarlar olaraq hər məqama hazır olmalıyıq. Əgər əvvəllər bir mövsümdə 40-50 oyun olurdusa, indi 70-80-dir”, deyə Olmo zədələrin ifrat sıx oyun təqvimindən qaynaqlandığı qənaətində olduğunu qiyabi olaraq başa düşməyə imkan verib.

“Barselona” Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo bu mövsüm “Barselona”nın heyətində 8 oyuna çıxıb, 5 qola imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 40 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
49
arena.az

1Mənbələr