AZ

Dünya mediasını COP-a toplayan şərait- söz azadlığı...

Image

Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdən biridir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və məlumat azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə uğurlu inkişaf etdiyini göstərir. 

Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Azərbaycan mətbuatı milli və bəşəri dəyərləri rəhbər tutaraq demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza müstəsna xidmətlər göstərir. 

Ölkədə azad söz, fikir plüralizmi təmin edilir 

Ümumən, mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir. Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daim tərəqqiyə can atan insanın fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail olması qeyri-mümkündür. Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır. Azad media azad sözün, insan hüquqları və azadlıqlarının qoruyucusu rolunda çıxış edir. Söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir. Bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir, azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda biruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. 

70 mindən çox tədbir iştirakçısının 3618 nəfəri media mənsubudur 

Məlum olduğu kimi, noyabrın 11-də Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb. Tərəflər Konfransının 29-cu sessiyasının tədbirləri noyabrın 22-dək davam edəcək. Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olub. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutub. Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış ediblər. COP29 hazırda dünyanın diqqət mərkəzində duran əsas hadisələr sırasındadır. Beynəlxalq tədbiri öz mətbu orqanlarında işıqlandırmaq üçün dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri Bakı şəhərindədir və 70 mindən çox tədbir iştirakçısının 3618 nəfəri media mənsubudur. COP29-a olan böyük maraq, çoxsaylı dünya mediasının akkreditasiyadan keçməsi, tədbiri işıqlandırması həm də Azərbaycanda söz və mətbuat azadlığına verilən böyük qiymətin göstəricisidir.

Xarici medianın COP29-u geniş işıqlandırması tədbirə olan böyük marağın göstəricisidir 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, COP29 konfransı ən yüksək səviyyədə keçirilir: “Tədbirdə müzakirə edilən məsələlər aktuallığı ilə seçilir. Çünki COP29-dan gözləntilər böyükdür. Dünyada artan ekoloji problemlərin həlli bunu şərtləndirir. Ona görə ki, ekoloji problemlər təkcə bir ölkəyə təsir göstərmir, bütün dünya ölkələrinə təsir edir. Necə deyərlər, ekoloji fəsadlar təkcə bir ölkə ilə məhdudlaşmayacaq. Ona görə də ölkələr birgə həll yolu tapmalıdır. O da COP-da qəbul olunan qərarların icra edilməsindən keçir. Bütün bunlar məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, doğurdanda bu konfrans dünya və qlobal medianın diqqət mərkəzindədir. BBC və digər qlobal media orqanlarında Prezident İlham Əliyevin və Birləşmiş Millətlər Təşkilatı sədrinin çıxışları canlı yayımlandı. Bununla yanaşı, minlərlə yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçərək COP29-u işıqlandırır. Xarici medianın tədbiri geniş işıqlandırması onu deməyə əsas verir ki, tədbirə maraq böyükdür. Bu, həm də ölkəmizə olan münasibətdən irəli gəlir. Bir belə medianın tədbirdə iştirak etməsi, ən xırda detalların təqdim edilməsi, canlı yayımların təşkil olunması həm də onu göstərir ki, Azərbaycan bu tədbirin timsalında mediaya böyük dəyər verir. Azərbaycan hətta ölkəmiz barədə zaman-zaman feyk məlumatlar yayan media orqanlarına da tədbirdə iştirak üçün şərait yaradır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövləti media və söz azadlığına sadiqdir. Burada əsas mediaya olan münasibət ortaya qoyulur. Bu, bəzi xarici media orqanlarında Azərbaycan əleyhinə səsləndirilən şər-böhtanların puç olduğunu göstərir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
54
baki-xeber.com

1Mənbələr