AZ

Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, sabahdan POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlanılacaq.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminalla deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət Xidməti tərəfindən həmin sahibkarlara nəzarət tədbirləri necə həyata keçirilə bilər? Bu tədbirlərin effektivliyi necə olar?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hələ iki-üç həftə əvvəl dövlət “kartdan karta” ödəniş vasitəsi ilə həyata keçirilən əməliyyatlara dözümsüz yanaşacağını elan etdi və biznes sektorunda POS-terminallardan istifadəyə imkan verməyən subyektləri cəzalandıracaq:

“Həmin dövrdə isə bir neçə dəfə reydlər keçirildi, çox sayda sahibkarlar cərimələndi”.  

Ekpsertin sözlərinə görə, Vergi Xidməti üçün Post-terminallarla ödənişin həyata keçirilib-keçirilməməsini yoxlamaq çox asandı:

“Məsələn, onlar sıravi vətəndaş kimi yaxınlaşıb, Post-terminal tələb edə bilər. Əgər terminal olmazsa, həmin sahibkarlara da cərimələr tətbiq olunacaq.  Bu cərimələr isə 3 dəfə və müxtəlif məbləğlərdədir. Belə ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur. Və reyd zamanı belə hallar aşkarlanarsa, bu cərimələr də rahat tətbiq oluna bilir”. 

Xalid Kərimli qeyd edib ki, Vergi Xidməti əməkdaşlarına bu siyahılar bəllidir, çünki onlar zaman-zaman reydlər keçirərək yoxlanış aparırlar:

“Ona görə də Pos-terminaldan istifadə etməyən, onu saz vəziyyətdə saxlamayan, əsassız istifadəni məhdudlaşdıran sahibkarlar müəyyənləşib, ödəniş qaydalarının pozulmasına görə cəzalandırılacaq”. 

Həmsöhbətimiz qeyd edib ki, həmin cərimələrdən sonra sahibkarlar qaydalara əməl etməzsə, onlar haqqında səyyar vergi yoxlanılması açılır:

“Əsasən bu qaydaları mikro sahibkarlar pozduğuna görə bu məbləğdə cərimələr onlar üçün böyük və ciddi məbləğdir:

“Cərimənin ən sonuncusu isə 6000 manat məbləğindədir. Bundan sonra isə səyyar vergi yoxlamaları zamanı onlar daha ciddi şəkildə yoxlanılır”. 

Davud

Seçilən
37
2
valyuta.az

3Mənbələr