Bakıda və Abşeron yarımadasında noyabrın 17-də günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı, hətta bəzi ərazilərdə leysan xarakterli olacağı proqnozlaşdırılır.
Bakuinfo.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-sı axşamdan etibarən şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Noyabrın 17-si axşamadək yağış, şimşək və dağlıq ərazilərdə qar gözlənilir.
Ayrı-ayrı bölgələrdə - Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara zonalarında leysan xarakterli intensiv yağış, dolu düşməsi ehtimal edilir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, çaylarda sululuq artacaq, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel baş verə bilər. Hava şəraitinin qeyri-sabitliyi ilə bağlı əlavə ehtiyatlı olmaq tövsiyə edilir.