AZ

“Kənd təsərrüfatında suya qənaət texnologiyasının tətbiqini nəzərdə tutmuşuq“ - MÜSAHİBƏ

"Azərsun Holdinq"in idarə heyətinin üzvü Savaş Uzanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

Bərpaolunan enerji mənbələrinin biznesin davamlılığına təsirləri nələrdir?

-Azersun olaraq, bərpaolunan enerji mənbələrinin istifadəsi biznesimizin davamlılığına birbaşa müsbət təsir edir. Bu enerji mənbələri əməliyyat xərclərini azaldır, enerji tədarükünün etibarlılığını artırır və ətraf mühitə mənfi təsirləri minimuma endirir. Bundan əlavə, müasir bazar tələblərinə uyğun olaraq daha ekoloji təmiz yanaşmalar müştərilərimiz və tərəfdaşlarımız tərəfindən yüksək qiymətləndirilir.

Suyun dayanıqlılığı istehsalda necə təmin edilir?

-Azersun olaraq, su resurslarının dayanıqlı istifadəsi üçün müxtəlif tədbirlər həyata keçiririk. İstehsalat proseslərində suyun təkrar emalı və istifadəsinə üstünlük veririk. Eyni zamanda, sudan səmərəli istifadəni təmin edən yeni texnologiyaların tətbiqi ilə itkilərin qarşısını alır və su ehtiyatlarımızın qorunmasına töhfə veririk. Eyni zamanda hazırda kənd təsərrüfatında suya qənaət texnologiyasının tətbiqini nəzərdə tutmuşuq.

İstehsalatda yaşıl dünya naminə dayanıqlı və innovativ həllər nələrdir?

-İstehsalat proseslərimizdə karbon izini azaltmaq üçün innovativ texnologiyalara sərmayə yatırırıq. Kağız tullantıların təkrar emalı, enerjiyə qənaət edən avadanlıqların tətbiqi və təmiz enerji həlləri ilə ətraf mühitin qorunmasına töhfə veririk. Həmçinin, yeni məhsullarımızın qablaşdırılmasında bioloji parçalanan materiallardan istifadə edirik.

Bərpaolunmayan resurslardan istifadəni minimuma endirmək üçün hansı tədbirlər görülür?

-Bərpaolunmayan resursların istifadəsini azaltmaq məqsədilə alternativ xammal mənbələrinə keçid edirik. Bu strategiyamız həm enerji, həm də istehsal proseslərində tətbiq edilir. Eyni zamanda, resursların səmərəli istifadəsini təşviq edən təlimlər və proqramlar vasitəsilə əməkdaşlarımızın da bu sahədə bilik və bacarıqlarını artırırıq.

Bərpaolunan enerji mənbələrinə əlçatanlıq qane edirmi?

-Azersun olaraq, bərpaolunan enerji mənbələrinə çıxışı yaxşılaşdırmaq üçün fəaliyyət göstəririk. Cari vəziyyət qismən qənaətbəxş olsa da, ölkədə bu sahənin inkişaf etdirilməsi üçün əlavə investisiyalar və hökumət dəstəyi tələb olunur. Bununla yanaşı, şirkət olaraq öz infrastrukturumuza sərmayələr yatırır və uzunmüddətli perspektivdə daha geniş miqyasda bərpaolunan enerji mənbələrindən istifadə etməyi planlaşdırırıq.
Bu istiqamətlərdəki fəaliyyətlərimiz davamlılıq və yaşıl gələcək naminə Azersun-un strateji məqsədlərindən biridir.

Müəllif: Səbinə Hüseynli
Seçilən
62
sia.az

1Mənbələr