AZ

“Turan Bank” vətəndaşın başına oyun açıb

"Borcu ödəsəm də, evimi məndən xəbərsiz satıb”

Şəki sakini Ziya Əsəd oğlu Musayev "Turan Bank”ın Zaqatala filialının əməkdaşı tərəfindən aldadıldığını deyir.

Vətəndaş Meydan TV-yə bildirir ki, 2017-ci ildə Şəki şəhəri Məzahir Abbasov küçəsindəki fərdi yaşayış evini qonşusu İlqar Mikayılovın xahişi ilə "Turan Bank”a girov qoyub.

"İlqar Mikayılov dedi ki, həmin pulla fermer təsərrüfatı yaradacaq və məni də bu işə cəlb edəcək. Pulu götürəndən bir müddət sonra İlqar ailəsi ilə birgə Rusiyaya qaçdı. Bank məndən qonşumun götürdüyü 15000 manat kredit borcunun ödənilməsini tələb edirdi. Əlimə keçəndən bir az ödənişlər etdim. Bank məni məhkəməyə verdi. Məhkəmə 17500 manat faizlərlə birlikdə ödəmə qərarı çıxardı”, – şikayətçi deyir.

Bildirir ki, məhkəmə qərarından sonra qısa müddət ərzində banka olan borcunun 11181 manatını ödəyib: "İyunun 13-də banka ümumilikdə 11181 manat pul ödəmişdim. Mənə bildirdilər ki, banka cəmi 6300 manat borcun qalıb. Bundan sonra, iyunun 13-də Bankın Zaqatala filialı Şəki İcra Şöbəsinə rəsmi məktub göndərərək bildirdi ki, borcla bağlı icraat dayandırılsın. Onu da deyim ki, ödənişləri etməyim kreditlərlə iş departamentinin rəhbəri Röyal Hacıyevi qıcıqlandırırdı. Hiss edirdim ki, borcumu ödədiyimə görə, mənə acığı tutur. Sən demə, onun niyyəti evimi satmaq imiş”.

"İyunun sonunda bankın mənə yaxın bir işçisi zəng edərək bildirdi ki, sən pulu ödəsən də, ödəməsən də Röyal Haciyev sənin evini satacaq. Bunu eşidən kimi iyulun 3-də Prezident Administrasiyasına və Mərkəzi Banka şikayət məktubu göndərdim. 2024-cü ilin iyulun 25-də Mərkəzi Bankdan cavab gəldi ki, sizin eviniz "Turan Bank” tərəfindən iyulun 2-də satılıb. Məlum oldu ki, "Turan Bank” evimi 24400 manata öz adamlarından birinə satıb”, – vətəndaş deyir.

Onun sözlərinə görə, Röyal Hacıyev vətəndaşla bank arasında yaranmış problemdən öz xeyrinə qazanc əldə etmək üçün istifadə edib: "Mən 6300 manat borcu tapıb iyulun sonunda banka ödəmək istədikdə bildirdilər ki, xeyri yoxdur, sənin evin satılacaq. Axı mən avqustun sonunadək Şəki İcra Şöbəsində borcun tam bağlanması barədə yazılı öhdəlik götürmüşdüm. Digər tərəfdən də iyunun 13-də "Turan Bank” rəsmi olaraq Şəki İcra Şöbəsinə məktub göndərərək icraatın dayandırılmasını istəmişdi. Röyal Hacıyev öz adamı olan "müştəri” tapıb və təcili olaraq kağız üzərində formal və saxta hərrac keçirməklə, evin alınması üstünlük hüququ mənə verilmədən və məlumat bildirilmədən qəfil olaraq arxa tarixlə, 2 iyulda alqı-satqı edib”.

Ziya Musayev deyir ki, hazırda Bakıda kirayə yaşayır.

Meyvə-tərəvəz satışı ilə məşğul olub, ailəsini birtəhər dolandırmağa çalışır: "Aidiyyəti qurumlardan kömək istəyirəm. 6300 manatı da ödəməklə evin bizə qaytarılmasına köməklik göstərməyinizi ailəliklə xahiş edirəm. Röyal Hacıyevin girov qoyulan evimizi qanunsuz şəkildə satması məsələsinin araşdırılmasını rica edirəm”.

"Turan Bank”ın Zaqatala filialının İstehlak kreditləri bölməsinin rəhbəri Elmar İmanov Meydan TV-yə hər hansı bir müştəri barədə məlumatın yalnız onun özünə verilə biləcəyini deyib: "Vətəndaşın bankdan şikayəti varsa, yaxınlaşıb, şəxsiyyət vəsiqəsini təqdim edərək, bizə müraciət edə bilər. Digər tərəfdən əgər müştəri girov əsasında kredit alıb və borcunu ödəməyibsə, məhkəmə qərarı ilə həmin girov müsadirə olunaraq satıla bilər. Satılmağın da məqsədi banka olan borcun ödənilməsidir. Burada kiminsə şəxsi mənfəəti və qərəzi ola bilməz. Girov sahibinə tövsiyə edirik ki, bankın baş ofisinə yaxınlaşıb, hüquq departamentinin əməkdaşlarına müraciət etsin”.
Seçilən
36
1
arqument.az

2Mənbələr