AZ

Uşaqların iqlim fəaliyyəti bəyannaməsi Azərbaycana nə verəcək...

Image

Nailə İsmayılova: “İqlim siyasətində uşaqların ön plana çəkilməsi, götürülən öhdəliklər uşaq və gənclərin mənafeyinə xidmət edəcək”

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) başlanğıcında Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb. 

Ölkəmiz iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb. Qeyd edək ki, UNICEF Azərbaycan hökumətinin bu bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayır. Belə ki, bu bəyannamə inklüziv, həmçinin uşaq və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.

Məlumdur ki, iqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq, yəni dünyadakı uşaqların yarısı iqlim dəyişmələri və çirklənmənin təsirlərindən “son dərəcə yüksək risq” altında olan 33 ölkədən birində yaşayır.

Maraqlıdır, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) başlanğıcında Azərbaycan hökuməti tərəfindən Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsinin imzalanmasının əhəmiyyəti nədir? 

“Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında” bəyannamənin imzalanması uşaq və gənclərin hər kəsin xüsusi diqqət mərkəzində olması deməkdir”

''Yeni Həyat'' İB-nin sədri Nailə İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29-da Azərbaycan hökuməti tərəfindən Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannamənin imzalanması,  iqlim siyasətində uşaqların ön plana çəkilməsi, götürülən öhdəliklər   uşaq və gənclərin mənafeyinə xidmət edəcək: “Həmçinin iqlim siyasətlərinin həyata keçirilməsi çərçivəsində onların inküzivliyini təmin edəcəkdir. Qeyd edim ki, əvvəllər də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya radifikasiya olunaraq onun ölkəmiz qarşısında qoyduğu öhdəliklərdən irəli gələrək 1998-ci ildə Uşaq Hüquqları haqqında Qanun qəbul olundu. Həmin qanun ölkəmizdə uşaq hüquqlarını müdafiə edərək onların mənafeyinə xidmət edir. Təbii ki, iqlim dəyişmələri gələcəkdə uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə təsirindən yan keçməyəcək. Məhz bu məqsədlə də bütün mənfi təsirlərin baş verməməsi və qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların bu məsələdə həssaslığı vacibdir”.

Birlik sədri onu da əlavə etdi ki, “Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında” bəyannamənin imzalanması  uşaq və gənclərin hər kəsin xüsusi diqqət mərkəzində olması deməkdir: “Bu bəyannamə inklüziv, həmçinin, uşaq və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk bəyannamədir. Danılmaz faktdır ki, iqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir”.

Günel CƏLİLOVA





Seçilən
80
baki-xeber.com

1Mənbələr