AZ

Tramp İranın qarşısına Elon Maskı çıxardır: müharibələrin üstünə su, yoxsa benzin çilənəcək  

 

ABŞ-ın yeni prezidenti Livanda atəşkəs layihəsini dəstəkləyib, Elon Musk İranın BMT təmsilçisi ilə görüşüb

İsrailin dövlət televiziyası KAN-ın yaydığı məlumata görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Livandakı atəşkəs layihəsinə dəstək verib.

 Xəbərdə bildirilir ki, Donald Tramp noyabrın 10-da İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşüb. Görüşdə Livanla atəşkəs sazişi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub. İsrailli nazir Hizbullahla atəşkəs layihəsi haqqında Trampa məlumat verib. Öz növbəsində Tramp Livanda atəşkəsi nəzərdə tutan layihəni dəstəkləyib.

Qeyd edək ki, son məlumatlara görə, İsrail tərəfi atəşkəs layihəsini Livan hökumətinə təqdim edib. Sahə müşahidəçiləri yaxın zamanlarda Livanda atəşkəs ehtimalının yüksək olduğunu bildirir.

Yeri gəlmişkən, Donald Trampın qızı Tiffaninin qayınatası, Livan əsilli amerikalı biznesmen Massad Boulos hələ seçkilərdən əvvəl bildirmişdi ki, İsrail və Hizbullah arasında atəşkəs sazişinin əldə olunması üçün Tramp komandasında yer alacaq. Trampın birinci prezidentliyi dövründə digər qızı İvanka Trampın həyat yoldaşı, yəhudi əsilli Cared Kuşner prezidentin müşaviri vəzifəsini tutmuş və İsrail-Fələstin arasında sülhü nəzərdə tutan “Əsrin müqaviləsi”nin müəllifi olmuşdu. Bu mənada Tiffaninin qayınatası Massadın yeni komandada Livanda sülh prosesində iştirak etməsi təəccüblü deyil.

Hər nə qədər alovlu İsrail dəstəkçisi kimi tanınsa da, Donald Tramp ABŞ prezidenti kimi Vaşinqtonun və ümumiyyətlə, dünyanın diqqət mərkəzində olan Yaxın Şərqdə sülh əldə olunmasına çalışacaq. Çünki İsraillə yanaşı, Yaxın Şərqdə ABŞ-ın müttəfiqi olan ərəb dövlətləri var və regionda davam edən münaqişə Vaşinqtonun mövqelərini zəiflədir, paralel olaraq İran, Çin və Rusiya kimi oyunçuların regionda fəallaşmasına səbəb olur. Bu səbəbdən də İsrail hakimiyyətindən fərqli olaraq, müharibənin davam etməsi Vaşinqtonun maraqlarına cavab vermir. ABŞ hakimiyyəti Trampın timsalında regionun əsas oyunçusu kimi atəşkəsə nail olmalıdır. Əks təqdirdə, Vaşinqtonun ərəb müttəfiqləri ilə münasibətlərinə kölgə düşə bilər. ABŞ isə Yaxın Şərqdə yalnız İsraillə müttəfiq deyil.

Donald Tramp Ukrayna və Yaxın Şərq müharibələrini dayandırmaqla güclü siyasətçi və sülh yaradıcısı olduğunu nümayiş etdirəcək. Bu arada məlum olub ki, Tramp administrasiyasının yeni üzvü, milyarder Elon Musk İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb. Görüşdə Tehran və Vaşinqton arasında gərginliyin azaldılması imkanlarının müzakirə edildiyi bildirilir.

Belə görünür ki, Tramp artıq sülh cəhdlərinə başlayıb. Doğrudur, elan etdiyi yeni komandası, xüsusən də xarici siyasət və hərbi-təhlükəsizlik sahəsi üzrə məsul şəxslər qatı İran əleyhdarları və İsrail dostlarıdır, lakin görünür ki, ABŞ-ın yeni prezidenti sülh cəhdləri ilə başlamaq fikrindədir. Ancaq bu cəhdlərin nə qədər effektiv və uğurlu olacağını indidən demək çətindir. Çünki bundan əvvəlki prezidentlik dövründə Trampın Yaxın Şərq siyasəti qarşıdurma və gərginliklərin kölgəsində keçib.

 

Kənan Rövşənoğlu,
xüsusi olaraq Musavat.com üçün

Seçilən
55
50
musavat.com

10Mənbələr