AZ

Nadirov “bəzi şeylər”i sirr saxladı: “Məni heç kim göndərə bilməz”

“Pillə-pillə bu yerlərə qədər gəldik, yaxşı da gedirdik. Amma elə şeylər var ki, qırılma nöqtəsi oldu. Məcbur oldum ki, xoş bir şəkildə, söz-söhbət olmadan komandadan ayrılım”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Hypers Quba”nın sabiq baş məşqçisi Vüqar Nadirov deyib.

Nadirov komandadan ayrılmağın onun üçün çətin olduğunu söyləyib: “Hypers Quba”dan ayrılmaq mənim üçün də ağır oldu. Çünki bir komandanı sıfırdan yığmaq, onun əziyyətinə dözmək çətindir. Əziyyətli yollardan keçərək, gözəl kollektiv qurmuşdum. Region Liqasından II Liqaya gəldiyimiz zaman demək olar ki, hər şey dəyişdi. Çünki hər liqanın öz oyunçusu var. Bu, futbolun yazılmayan qanunudur. Məni heç kim göndərməyib. Təkəbbürlülük kimi çıxmasın, göndərə də bilməz. Özüm ayrıldım ki, əlavə söhbətlər olmasın. Klub heç də pis çıxış etmirdi. Belə baxanda “Şahdağ Qusar”, “Şəfa” və “Şimal”dan geridə idik. Rəqib komandalar bir müddətdir II Liqada çıxış etsələr də, “Hypers Quba” 2-3 ay idi ki yığılmışdı. Bu qısa müddət ərzində 1-2 oyunçunu çıxmaq şərtilə sıfırdan yığılmışdıq. Bu üç ayın nəticəsi ilə komanda hazırda 4-cü pillədə qərarlaşıb”.

Vüqar bəy “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevin “Komandaya yeni nəfəs lazımdır. Vüqar Nadirovla yollarımızı ayırmaqda son turlardakı uğursuzluqların da müəyyən rolu oldu” fikrinə münasibət bildirib: “Son turlarda uğursuz olsaydım, rəhbərlik məni çağırıb, yollarını ayırmaq istədiyini bildirərdi. Lakin komanda ilə yolumu şəxsən özüm ayırmışam. Elə şeylər var ki, danışmaq istəmirəm. İnşallah, zamanla hər şey bilinər. Komandaya daha təcrübəli məşqçi istəyirlər. Nə deyirəm, Allah xeyir versin. Biz də istəyərik ki, klub qabağa getsin, tanınmış məşqçi, futbolçular gəlsin. O klubu köməkçi məşqçim Fərid Əliyevlə birlikdə necə saxlamışam, uşaqları necə yığmışam, oyunlara hər tərəfli şəkildə necə köklənmişəm, bir Allah bilir. Mən orda tək məşqçi yox, dost da olmuşam. Bəzən elə yerlər olurdu ki, heç kim orda qalmazdı. Bir kəlmə “mən də qalıram” dediyim vaxt avtomatik komanda da qalırdı. Belə şeylərin söhbətini heç vaxt etməmişəm. Öz yoluma baxıram. Hazırda həm I Liqadan, həm də II Liqadan 4-5 təklifim var. İnşallah, ayın axırına qədər, bəlkə də daha tez hər şey bəlli olacaq”.

Qeyd edək ki, Vüqar Nadirov Quba təmsilçisi ilə yollarını dünən ayırıb.

GÜNAY SÜLEYMANOVA

Seçilən
38
futbolinfo.az

1Mənbələr