“ABŞ nüvə arsenalını artıra bilər” – WSJ
“Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı lideri Co Bayden administrasiyasındakı mənbələrə istinadən “Wall Street Journal” məlumat yayıb.
“Əgər mövcud tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-nin yerləşdirilən nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, - adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi bildirib.
“Mənfi ssenari” haqqında danışarkən o, Rusiyanın silahlara nəzarətdən imtina etdiyini, Çin və Şimali Koreyanın isə qabiliyyətlərini artırdığını nəzərdə tutub.
Nəşrin məlumatına görə, tezliklə Konqresə göndəriləcək məxfiliyi silinmiş “nüvə silahlarına dair təlimat” hesabatında konkret addımlar göstərilməsə də, qeyd edilir ki, Vaşinqton nüvə imkanlarını, strukturunu və ölçüsünü bu fakta uyğunlaşdırmağa ehtiyac duya bilər.
“ABŞ-nin bir çox düşməni nüvə silahını öz milli təhlükəsizlik strategiyalarının daha vacib komponentinə çevirir”, - mənbə deyib.