AZ

Yeni güzəştlər gəlir: “Müəllim ac olarsa, yaxşı tədris edə bilməz”

“Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır”.

Bunu təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, müəllimlərin əməkhaqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir.

Ekspertin fikrincə, vergi yükünün azaldılması müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər.

Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır:

“Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar”.

Qeyd edək ki, müəllimlər sosial ev layihəsindən yararlana bilirlər, güzəştli kartların verilməsi nəzərdə tutulur, indi də vergi güzəştləri ilə bağlı təklif gündəmdədir. Bütün bunlar məktəblərdə təhsilin keyfiyyətinə təsir edirmi və ya edəcəkmi?

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, o, müəllimlərə vergi güzəştlərinin tətbiqinə başqa aspektdən yanaşır:

“Verginin də öz təyinatı var. Müəllimlərdən tutulan vergilər müəyyən xərclərə sərf olunur. Bu baxımdan, mən müəllimlərdən vergi tutulmasının ləğv olunmasının tərəfdarı yox, onlara xüsusi güzəştlərin tərəfdarıyam. Məsələn, müəllimlərin uğurlarına, müəyyən fəaliyyətinə görə sertifikasiyada yüksək bal toplayanlara fərqli əməkhaqqı verildiyi kimi bir yanaşma ola bilər. Beləliklə, verginin ləğv olunması yox, maaşda müəyyən fərqli hesablanma tətbiq oluna bilər”.

Ekspert müəllimlər üçün müəyyən güzəştlər, sosial mənzil məsələsini xatırladıb:

“Əməkdar müəllim adını alanlara müəyyən qədər vəsait ödənilir, həmçinin “tələbə+”kartları artıq müəllimlərə də veriləcək. Onlar müəyyən kafe-restoranlarda, yaxud gələcəkdə nəqliyyatda, eləcə də muzeylərdə həmin kartlarla müəyyən güzəştlər əldə edəcəklər.

Əgər müəllim ac olarsa, yaxşı tədris edə bilməz, müəllim tox olmalıdır ki, onun tədrisi də yüksək olsun. Əks halda, yüksək keyfiyyətli tədris qeyri-mümkündür. Bu da ümumi təhsilimizin inkişafına öz təsirini göstərir”.

Seçilən
20
3
nocomment.az

4Mənbələr