AZ

Vətənlə qoşa çəkilən ad

4 mart 2002-ci ildə Cəlilabadda dünyaya göz açan Əli Mahir oğlu Qənbərov orta məktəbi bitirəndə el-obada böyük hörmət sahibi olub. Bu da onun yaxşı işlərə, xeyirxah əməllərə can atmasından, vətənpərvər olmasından irəli gəlib. Həyatı dərk edən gündən Vətəninə ləyaqətli oğul olub insanlara fayda vermək onun əsas amalına dönüb. Əzəldən qəlbi Vətəninə, xalqına sevdalanan Əlini ən çox narahat edən məsələ Qarabağımızın düşmən tapdağında olması idi. Odur ki, 2020-ci ilin aprelin 5-də əsgərliyi yola düşəndə dostlarına, qohumlarına bildirib ki, doğma Azərbaycana vicdanla, ləyaqətlə xidmət edəcəyəm, ən əsası murdar niyyətli erməni dığalarına qarşı amansız olaram.

Əli Füzulidə xidmət etməyə başlayıb. Vətənpərvərliyi, yoldaşa qarşı sədaqəti, cəsurluğu, igidliyi, mərdliyi tez də onu əsgərlərin, zabitlərin sevimlisinə çevirib. Həmçinin əlinə silah alıb döyüş meydanında düşmənlə üz-üzə gəlib onun başını əzmək istəyində olan əsgər hərbi təlimlərdə xüsusi fəallıq göstərib. Və köksündə əsl qəhrəman ürəyi döyünən Əli bu müddətdə çox şey öyrənib.

Sentyabrın 27-də Vətən torpaqların azadlığı uğrunda döyüşlər başlananda Əli düşmən gülləsini vecinə almadan odun-alovun içində kişi kimi vuruşub. İlk ciddi sınaqdan alnıaçıq çıxan cəsur döyüşçü sonra neçə-neçə ölüm-dirim savaşda yağıya qan qusdurub. Atası Mahir kişi bildirir ki, Əli ağır müharibə meydanında yağı üzərində ilk qələbəsindən sonra zəng vurub zəfər qurbanı kəsməsini xahiş etdi.

Əli daim öndə olmaqla bir neçə döyüş əməliyyatlarında göstərdiyi şücaəti ilə seçilib, eləcə öz igidliyi sayəsində çiyin-çiyinə vuruşduğu əsgər yoldaşlarında ruh yüksəkliyi yaradıb. Oktyabrın 6-da Füzuli rayonu ərazisində növbəti döyüş onun cavan ömrünə son qoyub. 18 yaşında ürəklərdə özünə əzəmətli abidə ucaldan Əli Mahir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin azadlığına görə medallarına layiq olub.

Cəlilabadlılar ölməzliyə qovuşan şəhid oğlunu bir an belə unutmurlar. Onun şərəfli həyat yolunu həmişə örnək göstərirlər. Övlad itkisi ağır olsa belə Mahir kişi oğlu ilə qürur duyur. Söz düşəndə deyir ki, Əli şəhid olana qədər mənim övladım idi, hazırda isə bütöv Azərbaycanın oğludur..

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
36
ikisahil.az

1Mənbələr