AZ

Təcili tibbi yardım infrastrukturunun yaradılması yaşıl cəmiyyətin formalaşmasına dəstək verir

Müasir dünyada ekologiya və davamlı inkişaf, təkcə sənaye və energetikada deyil, eləcə də sosial və səhiyyə sahələrində mühüm rol oynayır. Ənənəvi təcili tibbi yardım sistemi həddindən artıq sıxlıq, zəif resursların bölüşdürülməsi, karbon qazı emissiyaları və tibbi tullantılar kimi ətraf mühitin təsirləri ilə bağlı çətinliklərlə üzləşir. Artan urbanizasiya və iqlim dəyişikliyi nəticəsində infrastrukturunun daha dayanıqlı və səmərəli olması üçün onun nəzərdən keçirilməsinə və modernləşdirilməsinə ehtiyac var.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Sənaye 4.0 platformasında təcili tibbi yardım infrastrukturunun yaradılması yaşıl cəmiyyətin formalaşmasına dəstək kimi” mövzusunda keçirilən elmi seminarda məlumat verilib.

Məruzəni təqdim edən institutun Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov təcili tibbi yardıma Sənaye 4.0-ın əsas texnologiyalarının inteqrasiyası haqqında məlumat verib. Qeyd edib ki, Sənaye 4.0 texnologiyaları, o cümlədən süni intellekt, əşyaların interneti (IoT) və virtual reallıq (VR), ekoloji və müasir tələblərə cavab verən yeni təcili tibbi yardım infrastrukturunun yaradılmasında əsas rol oynaya bilər. Bu texnologiyalardan istifadə yardımın göstərilməsi prosesini sürətləndirməklə yanaşı, ətraf mühitə mənfi təsirləri minimuma endirməyə, yaşıl cəmiyyətin formalaşmasına yardım edir.

Onun sözlərinə görə, IoT cihazlar xəstələrin vəziyyətinin real vaxt rejimində monitorinqində mühüm rol oynayır. Geyinilə bilən sensorlar və “ağıllı” bilərziklər kimi IoT cihazları qan təzyiqi, ürək döyüntüsü, qlükoza səviyyəsi və s. xəstələrə aid məlumatları toplamaq qabiliyyətinə malikdir.

A.Səmidov diqqətə çatdırıb ki, təcili tibbi xidmətlərdə süni intellekt diaqnostikanın avtomatlaşdırılmasında, dəqiqliyinin artırılmasında və təcili xidmətlərin optimallaşdırılmasında əsas rol oynayır. Bu, tibbi xidmətin keyfiyyətini artırır və ətraf mühitə təsiri azaldır. Əlavə edib ki, VR texnologiyaları həkimləri öyrənmək və öyrətmək üçün istifadə olunur. VR simulyatorları müxtəlif ssenariləri reanimasiyadan tutmuş daha mürəkkəb cərrahi prosedurlara qədər simulyasiya etməyə imkan verir.

O qeyd edib ki, Sənaye 4.0 platformasında təcili tibbi yardım infrastrukturunun qurulması bərpaolunan enerjidən istifadə, qayğı göstərilməsinin səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılması və tullantıların minimuma endirilməsi vasitəsilə yaşıl cəmiyyətə töhfə verir. Əşyaların interneti, süni intellekt, avtonom nəqliyyat və teletibb kimi müasir texnologiyaların tətbiqi müasir ekoloji çağırışlar qarşısında səhiyyə sisteminin dayanıqlığını və uyğunlaşma qabiliyyətini artırır.

Seçilən
41
tehsil.biz

1Mənbələr