AZ

"Tramp sabiq heroin narkomanı və peyvənd əleyhdarını səhiyyə naziri vəzifəsinə təyin edib" - CNN

"Robert Kennedi Amerikanın yenidən böyük və sağlam olmasına nail olacaq..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkənin səhiyyə naziri vəzifəsinə Robert Kennedini təyin etməsi Vaşinqtonun bürokratik elitası üçün şokedici və fitnəkar hadisə olub.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
 
Jurnalistlərin fikrincə, Trampın seçimi bir çox sadə amerikalıların həyatını təhlükə altına qoyur. Məsələ burasındadır ki, sabiq prezidentliyə namizəd Kennedi peyvəndlənmənin və müxtəlif konspiroloji nəzəriyyələrin, o cümlədən koronavirus pandemiyasının aşkenazi yəhudilərin və çinlilərin xilas edilməsi üçün düşünülmüş təxribat olduğu barədə nəzəriyyəyə dəstək verməsi ilə tanınır.
 
Kennedinin sağlamlıqla bağlı baxışları qəbul edilmiş ümumi elmi konsensusdan çox kənara çıxır, həmçinin keçmişdə antisemitizm ritorikası ilə bağlı olub. Bu barədə "Yəhudi Teleqraf Agentliyi qeyd edib. O cümlədən o, "xolokost" sözündən peyvəndlənmə siyasətinini göstərmək üçün istifadə edib.
 
"Associated Press" agentliyi xatırladıb ki, Kennedi pandemiyadan xeyli öncə dünyada peyvəndlərə etimadsızlığı yayan ən təsirli şəxslərdən olub.
 
Trampın səhiyyə naziri seçimi elan edildikdən sonra əczaçılıq şirkətlərinin səhmləri kəskin surətdə aşağı düşüb. "Reuters" agentliyi bunu sahənin iflası kimi dəyərləndirib.
 
Süni intellektin köməyilə dərmanların işlənib hazırlanması ilə məşğul olan Deyv Letşounun fikrincə, Kennedinin təyinatı Trampın hökumətin işinin optimallaşdırılması və onun səmərəliliyinin yüksəldilməsinə yönələn geniş prioritetlərinə zidd ola bilər.
 
Letşou həmçinin vurğulayıb ki, əczaçılıq şirkətləri və uzunmüddətli və yüksək riskli təşəbbüslərlə bağlı proqramlar dövlət maliyyələşdirilməsinin çatışmazlığı səbəbindən təhlükə altına düşə bilər.
 
Gələcək səhiyyə nazirinin tərcümeyi-halında daha bir incə məqam ondan ibarətdir ki, Kennedi cavanlığında 14 il ərzində heroindən asılı olub.
 
Üstəlik, 2010-cu ildə onda qəflətən ağır amneziya və şüürun itməsi tutmaları müşahidə edilməyə başlayıb. Kennedinin özünün sözlərinə görə, problem "parazit qurdun beyninə daxil olması, onun bir hissəsini yeməsi və sonra ölməsi ilə bağlı olub".
 
Əgər onun namizədliyi Senat tərəfindən təsdiq edilərsə, o,
qida məhsullarının təhlükəsizliyindən tibbi müayinələr, peyvəndlər və sosial təminat proqramlarınadək hər şeyə nəzarət edən böyük agentliyə rəhbərlik edəcək.
 
Tramp bəyan edib ki, bu vəzifəyə "Amerikanın yenidən sağlam olmasına kömək etmək istəyən" Kennedini təyin etməsindən məmnundur. 
 
"Amerikalılar çox uzun müddət ərzində sənaye qida kompleksi və əczaçılıq şirkətlərinin təsirinə məruz qalıb. Onlar ictimai səhiyyə ilə bağlı yalan və dezinformasiya ilə məşğul olub", - Tramp bəyan edib. 
 
"Kennedi bu agentlikləri (səhiyyə və sosial xidmətlər) bərpa edəcək, xroniki epidemiyalara son qoyacaq və Amerikanı yenidən böyük və sağlam edəcək".
Seçilən
46
moderator.az

1Mənbələr