AZ

“Azəriqaz”dan şikayət edən işçilərə məcburi ərizə yazdırıldığı bildirilir

Qurumdan şikayət elə qurumun özünə göndərilib

"Azəriqaz” istehsalat Birliyinin iş şəraitindən, ezamiyyət xərclərindən şikayət edən 18 işçisi sonradan üzr ərizəsi yazmağa məcbur edildiklərini deyirlər.

Məlumatı Meydan TV-yə həmin işçilərdən bir neçəsi təsdiqləyib. 

Bildiriblər ki, ilkin olaraq bir neçə nəfər ərizə yazaraq guya imzaladıqları şikayətdə nələr yazıldığından xəbərsiz olduqlarını açıqlayıblar. Sonradan digərləri də onlara qoşulmaq məcburiyyətində qalıb. Onlar ərizələrində idarə rəhbərindən narazılıqları olmadığını qeyd ediblər.

"Başqa əlac qalmadı, iş tapmaq problemdir. Hamı ailəni dolandırmaq məcburiyyətindən təzyiqlərə boyun əyir”, - əməkdaş iş şəraitinə baxmayaraq, işini itirməkdən qorxduğunu etiraf edib.

"Azəriqaz” İstehsalat Birliyinin 2 saylı təmir- tikinti quraşdırma sahəsinin əməkdaşları şikayət ərizəsində bildiriblər ki, vəzifə öhdəlikləri olmayan işlərdə çalışmağa məcbur edilirlər, o cümlədən iş saatından artıq işlədilirlər.

Bundan əvvəl də idarənin bir qrup əməkdaşı Meydan TV-yə müraciətində ezamiyyət xərclərinin tam ödənilməməsindən şikayətlənmişdilər.

"Qaydalara görə fəhlələr 35 kiloqrama yaxın yükü 60 metr məsafəyə qədər fasiləli rejimlə daşımalıdırlar. Lakin 200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar. İş şəraitinə etiraz edənlərə isə işdən çıxmağı məsləhət görürlər”, - şikayətçilər bildiriblər.

SOCAR prezidenti də daxil olmaqla aidiyyatı qurumlara ünvanlanan şikayətdə qeyd edilib ki, həftənin 4 günü üçün 90 manat ödəyirlər. Beşinci gün də ezamiyyət pulu ödənməlidir. Amma işçini 5-ci gün, hətta şənbə gününün yarısınadək işlədirlər, cəmi 27 manat yazılır. Qeyri-iş günlərində çalışanlara ödəniş edilmir.

Ərizə araşdırılması üçün elə şikayət olunan idarəyə yönləndirilib. Beləliklə, idarə rəhbərliyi ərizənin kimlər tərəfindən yazıldığından xəbərdar olub. 

Şikayət araşdırılmaq əvəzinə işçilərdən ərizə alınaraq söylədiklərini təkzib etdiriblər.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, məsələdən xəbərdar olandan sonra işçilərə belə təzyiq edilməsinə etirazını bildirib. Bu zaman İstehsalat Birliyinin "trol ordusunun” hücumuna məruz qalıb. Eyni mətni kopyalayanlar saxta səhifələrdən birliyin fəaliyyətini tərifləməklə, həm də tənqid edənləri hədəf seçiblər.

"”Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.13.-cü maddəsi ilə (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır) pozulmuş olub”, - Qəhrəmanlı bildirib.

"Azəriqaz” İstehsalat birliyindən isə ittihamı şərh etməyiblər.
Seçilən
48
arqument.az

1Mənbələr