AZ

“Abzas”çılar təcridxanada zorakılığa məruz qalıblar, Nərgiz Absalamova xəsarət alıb

Vəkil Aqil Layıc 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib, təcridxana rəhbərliyi görüşə icazə verməyib

"Abzas Media"nın Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistləri Sevinc Vaqifqızı (Abbasova), Nərgiz Absalamova, Elnarə Qasımova təzyiqə və zorakılığa məruz qalıblar. 

Bu barədə jurnalistlərin yaxınları məlumat verib. 

Bildirilib ki, əvvəlcə noyabrın 14-də Nərgiz Absalamovanı təcridxana nəzarətçilərindən biri təhqir edib. 

Sevinc Vaqifqızı və Elnarə Qasımova buna etiraz etdikləri zaman mübahisə yaranıb. 

"Bundan sonra axşam növbəsində qapılar bağlananda başqa bir nəzarətçi qadın Nərgizi təhqir edib və qolundan xəsarət yetirib", - jurnalistin yaxını bildirib. 

Elnarə Qasımova ailəsilə əlaqə saxlayıb və bildirib ki, Nərgizi təhqir edən Şəhla adlı nəzarətçi yaxın vaxtlara qədər təcridxananın baş nəzarətçilərindən biri olan Nəzakət Məmmədovanın qızıdır. 

O, özü işdən çıxdıqdan sonra qızını bu işə düzəldib.

O, təcridxanada baş verənlərlə bağlı məlumat verən anda telefon əlaqəsi kəsilib. 

Baş verənlərdən sonra da onlara təzyiqlər dayandırılmayıb. 

Jurnalistlərin yaxınları deyir ki, noyabrın 15-də təcridxana rəhbərliyinin təlimatlandırdığı bir qrup məhbus qadın Nərgizi və digərlərini bullinqə məruz qoyub: "Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar".

Jurnalistlər Ombudsmanın və vəkillərin təcili olaraq Bakı İstintaq Təcridxanasına getmələrini tələb ediblər. 

Nərgiz Absalamovanın müdafiəçiləri bildirib ki, Ombudsman Aparatı baş verənlərlə bağlı məlumatlandırılıb. 

Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib, təcridxana rəhbərliyi görüşə icazə verməyib. 

Bunu kamerada sayım getməsilə əlaqələndiriblər.

Bundan əvvəl "Abzas Media"nın direktoru Ülvi Həsənli də təcridxanada ölümlə hədələnib və zorakılığa məruz qalıb. 

Belindən xəsarət alan jurnalistin şikayətlərini isə yerli məhkəmələr rədd edib.

Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunublar. 

Bu il mayın 31-də isə "Azadlıq" radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. 

İyunun 1-də ona qarşı "Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün "Abzas Media” bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib. 

Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.
Seçilən
89
arqument.az

1Mənbələr