AZ

Azərbaycan millisi Qəbələdə Estoniya ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız qrupdakı beşinci oyununda Estoniya milli komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşə saat 18:00-da start veriləcək. Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edəcək.

Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının cari mövsümündəki bütün oyunlarında uduzub. İlk sınağında İsveç millisinə Bakıda 1:3 hesabıyla uduzmuş komandamız Slovakiya yığması ilə səfər oyununda da 0:2 hesablı məğlubiyyətə üzülüb. Bu gün qarşılaşacağımız Estoniya ilə səfərdəki görüş də yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi. Komandamız son olaraq evdə Slovakiyaya 1:3 hesabıyla yenilib.

Estoniya yığmamız üçün kifayət qədər tanış rəqibdir. Çünki Azərbaycan yığması bu komanda ilə indiyə qədər 11 oyunda üz-üzə gəlib. Komandamız bu görüşlərdə cəmi 2 qələbə qazanıb. Matçların əksəri (5) sülhlə başa çatıb. Qalan 4 oyunda isə estonlar qələbə qazanıblar. Top fərqində də estoniyalılar öndədirlər – 12:9.

Komandamız Estoniyaya Bakıda da uduzsa, D Liqasına düşməsi qaçılmaz olacaq. Millimiz qalib gələcəyi halda isə C Liqasında qalmaq şanslarımızı davam etdirəcəyik.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsi noyabrın 19-na kimi davam edəcək. 2025 və 2026-cı illərdə isə pley-off oyunları keçiriləcək. Azərbaycan millisi vaxtilə UEFA Millətlər Liqasında mübarizəyə D Liqasında başlasa da, sonra genişlənən C Liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayır. Əvvəlki yarışlarda komandamız nə qrup qalib ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib. Bu dəfə necə olacağına isə ya bu gün, ya da son turda qarşılaşacağımız İsveçlə matçdan sonra aydınlıq gələcək.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
16 noyabr

Azərbaycan – Estoniya
Hakimlər: Con Biton, Daniel Makfarlan, David Makqeyçi, Mettyu Makdermid (hamısı Şotlandiya).
VAR: Andrev Dallas (Şotlandiya).
AVAR: Nikolas Valş (Şotlandiya).
Hakim-inspektor: Albano Janku (Albaniya).
UEFA nümayəndəsi: Eva Qayevska (Polşa).
Qəbələ şəhər stadionu. Saat 18:00.

Seçilən
31
38
arena.az

10Mənbələr