AZ

Taleyə qarşı peyvənd

Pedro Kalderonun “Həyat yuxudur” dini-fəlsəfi pyesi haqqında

Biz yuxularımızı əmələ gətirən

cövhərdən yaranmışıq,

bu miskin ömrümüz də

yuxu haləsində keçir.

Vilyam Şekspirin “Fırtına” tragikomediyasından

Kral Basilionun Poloniya taxt-tacını Moskoviya şahzadəsinə təhvil verməyə hazırlaşdığını bilən camaat üsyana qalxır. Xalq bir yadellinin başa keçməsini istəmir, ona görə də Sexizmundonu həbsdən azad eləyib özünə rəhbər seçir. Şahzadə xalq hərəkatının başına keçir, onun qoşunu kral tərəfdarlarına qalib gəlir. Məğlub Basilio boynunu cəllad kötüyünün üstünə qoymağa hazırlaşdığı vaxt oğlundan gözləmədiyi davranış görür: Sexizmundo sadiq təbəə, vəfalı oğul kimi atasının ayaqlarına düşüb ona baş əyir, Allahdan onun günahlarının bağışlanmasını diləyir. Qəlbində Rosauraya gizli sevgi bəsləsə də, qızın Astolfoya meylini görüb hersoqu onunla evlənməyə, qızın qarşısında günahını yumağa çağırır. Hersoq Rosauranın rəiyyət qızı olduğunu bəhanə gətirəndə Klotaldo işə qarışır, bəlli olur ki, Rosaura onun qızıdır. Bundan sonra Astolfonun qaçmağa yeri qalmır, Rosaura (əslində elə Moskva prinsi də) diləyinə çatır. Estrelya isə yeni kralın qismətidir.

Beləcə, Sexizmundo hər kəsi öz haqqına, halal qismətinə qovuşdurur. Gənc kral qəfil əxlaqi dönüşünə, mənəvi oyanışına belə izah verir ki, göz açıb özünü yenidən qaranlıq, soyuq zindanda görməkdən qorxur, yuxu kimi qısa, ötəri xoşbəxtliyi doyunca dadmaq istəyir.

***

Pyesin üç bölümü (xornadası) mənəvi təkamülün üç mərhələsini simvolizə eləyir. Birinci xornadada Sexizmundo öz əslindən-kökündən, təyinatından, məqamından xəbərsiz cahil bir məxluqdur. O, Platonun qaranlıq mağarasında üzü divara zəncirə vurulmuş, kündəyə, məngənəyə salınmış, həqiqət işığından, haqq sədasından məhrum miskin varlıqlardan biridir. Birinci səhnədə qəhrəman vəhşi heyvan dərisindən kürkə bürünüb, çün özü də bir vəhşidir. Onun çılpaq qayalar, soyuq daşlar arasında keçmiş ömrü nə ünsiyyət, nə ülfət, nə əxlaq, nə sevgi tanıyır. İyirmi yaşına qədər ulduzların hökmü altında, fələyin türmə qanunlarına uyğun yaşayıb, başqa cür yaşamağın da mümkün olduğunu bilməyib. O yaşacan onun taleyinə ulduzların hərlənişi, fələyin gərdişi sərəncam verib.

İyirmi yaşa çatanda şahzadənin bəxti qəfil açılır, Sexizmundo zindandan birbaşa saraya köçürülür. Əynindəki heyvan dərisini şahzadə qiyafəsinə dəyişir. Taxt-tacın qəzəbli, kinli varisi ayağı yer tutandan sonra düşmənləriylə haqq-hesab çəkməyə girişir. Düşmənsə hər yandadır, sağ da, sol da, irəli də, geri də düşməndir. Çəkdiyi əzablara görə Sexizmundo hər kəsi baiskar tutur, hamını suçlu bilir. Halbuki günahkar ulduzlar, çərxi-fələk özüdür - kral Basilio ölkəsini, təbəəsini qorxunc bir tiranın caynağına verməmək üçün yeganə varisini zindana atdırmışdı. Həyat səhnəsinə çıxandan sonra şahzadənin davranışı ulduzların haqlı olduğunu bir daha sübuta yetirir. Odur ki, qəzəbli, kinli şahzadə daha çox qana əl batırmamış zindana qaytarılmalı, yenidən zəncirə vurulmalıdır.

Yeri gəlmişkən: Bu süjet mənə ikinci Səfəvi şahı Təhmasibin oğlu İsmayılın başına gələnləri xatırladır. Onu da atası iyirmi il - ta dünyadan köçənə qədər Qəhqəhə qalasında (qalanın adı da simvolikdir, insan əzablarından zövq alan fələyin istehzalı gülüşünə işarə vurur) dustaq saxlatmışdı. Tərəfdarları II Şah İsmayılı taxta çıxarandan sonra böyük Xətayinin adını daşıyan nəvəsi öz doğmalarına, cəddinin dostlarına, dövlətinin dayaqlarına necə divan tutmuşdusa, elə öz doğmasının da əliylə hakimiyyətinin ikinci ilində ondan güclə-birtəhər qurtulmuşdular. Pedro Kalderon bu qəziyyədən iyirmi neçə il sonra dünyaya gəlmişdi. Nə bilmək olar, bəlkə Şərqdə hökm sürən böyük bir imperiyada baş vermiş saray çevrilişlərinin sədası o zamanlar müsəlman dünyasına ruhən ən yaxın Qərb ölkəsinin paytaxtına da çatıb?..

***

İkinci dəfə zindana atılandan sonra Sexizmundo anlayır ki, həyat bir yatımlıq yuxudur, bu yuxunun şirinliyini günaha, cinayətə bulaşdırmaq haramdır. Anlayır ki, heyvanların, quşların, çayların, küləklərin azadlığı yalançı azadlıqdır, onlar təbiətin cızdığı xətdən qırağa çıxa bilməzlər. Gerçək azadlıq - düşüncə azadlığı, seçim sərbəstliyidir. Onun əxlaqi çevrilişi öz ruhunun qüdrətini, daxili azadlığını, mənəvi potensialını kəşf eləmək hesabına baş tutur. Sexizmundo azad iradəsinin gücüylə taleyinin boyunduruğundan çıxıb alın yazısını dəyişir, özünü yenidən yaradır, alnına yeni tale yazır. Fələyin, ulduzların hökmü bizim bədənimiz, yəni ehtiraslarımız, qorxularımız üzərində keçərlidir, könlümüzə, qəlbimizə İblisin əli girmir, çünki ora Allah evidir. Əgər bətnində Tanrı gücü daşıyan ruhumuzu səfərbərliyə alıb cismimizi aşa bilsək, kinimizi, nifrətimizi, tamahımızı, qorxumuzu yenə bilsək, İblisin tifağını xaraba qoymuş olarıq; onda fələyin, ulduzların bizə əsla dişi batmaz.

Kalderon deyir ki, ən böyük qələbə insan oğlunun özü üzərində qazandığı qələbədir. Özünə qalib gələn bütün dünyaya, külli kainata qalib gəlmiş sayılır. Bu, həm də yeganə gerçək, yeganə legitim qələbədir; qalan yalançı, qondarma qələbələrin aqibəti acı məğlubiyyət, ulduzların oyuncağına çevrilməkdir. Sexizmundo da yalnız özünü yenəndən sonra ulduzlu səmanın əsarətindən, fələk dustağı, şeytan nökəri olmaqdan qurtulur, səhnəyə üçüncü çıxışında həm özünün, həm özgələrin təyinatını tapır, hər kəsi ürəyinin arzusuna, gerçək qismətinə yetirir. O, stoisizm təliminin ən uca zirvələrindən birində qərar tutmuş böyük Mark Avreli kimi şöhrətli bir filosof-hökmdar olacaq. Ancaq biz onun ömrünün o yarısını görməyəcəyik, onu yalnız təsəvvürümüzə gətirə bilərik...

***

İnsan oğlu taleyinin yiyəsi deyil, harada, nə vaxt, hansı mühitdə, necə bir ailədə doğulacağını əvvəlcədən seçə bilmir. Bütün bunlar fələyin atdığı zərlə həllini tapır, taleyimiz - istər adını təsadüf qoyaq, istərsə də elmi-fəlsəfi adı determinizm olan səbəb-nəticə zənciri - hər nədirsə, o məlunun əlindədir. Fələk bu həyat səhnəsində hərəyə bir rol ayırıb, xoşumuza gəlsə də, gəlməsə də, o rolu oynayırıq, oynamağa məhkumuq. İstədiyimiz rolu almaq əlimizdə deyil, fəqət rolumuzu ləyaqətlə, istedadla oynamaq, ən xırda, epizodik rola da ürək qoymaq öz əlimizdədir. Azad könül hər yerdə, hər zamanda, hər şəraitdə ilahi iradəsini işə salıb yiyəsinin taleyini dəyişə bilər.

Zatən bəşər övladının bu dünyada tək müqəddəs vəzifəsi materiyanın asılılığından bacardıqca qurtulmaq, fiziki-coğrafi reallığın çərçivələrini qıra bildikcə qırmaq, bioloji aləmin basqısından mümkün qədər qorunmaq, bir sözlə, tale-qismət adı qoyduğumuz mərəzə peyvənd tapmaqdır. Bu gün biz genlərimizin çoxdan ölüb torpağa qarışmış ata-babamızın canından-qanından-sümüklərindən səbəb-nəticə adlı yük qatarıyla daşıyıb gətirdiyi neçə-neçə mərəzə qalib gələ biliriksə, təbiətin çürük yerindən təsadüf yelləriylə yayılan amansız virusların kökünü kəsə biliriksə, dünənəcən bizi öldürən xəstəlikləri bir iynəylə yuxuya verə biliriksə, demək, şeytani təsadüfün ilahi zərurətə, azadlığa bircə barmaq yer qoymayan determinizmin ruhun azad iradəsinə təslim olma prosesi uğurla gedir. Bu prosesdə, şübhəsiz, Kalderonun da şərəfli payı var.

F.Uğurlu

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr