AZ

Çin və Yaponiya liderləri görüşdü: Nə istədilər?

Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin prezidenti Si Szinpin Yaponiyanın yeni baş naziri Şiqeru İşiba ilə ilk dəfə görüşüb. Görüş zamanı Çin lideri Tayvan məsələsini qaldırıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Si Szinpin Yaponiyanın baş nazirinə Çinin Yaponiyanın tarix və Tayvan kimi mühüm məsələləri "düzgün həll edəcəyinə” ümid etdiyini bildirib.

Bundan əlavə, Çin rəhbəri iki Asiya qonşusunu qlobal azad ticarət sistemini, həmçinin sabit və maneəsiz istehsal və təchizat zəncirlərini qorumağa çağırıb. 

Bu arada İşiba Siyə "konstruktiv və sabit" münasibət qurmaq istədiyini söyləyib, lakin ondan Yaponiya dəniz məhsulları idxalına qoyulan qadağanı ləğv etməyi və son ölümcül bıçaqlanmalardan sonra Çində olan Yapon vətəndaşları üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi xahiş edib. O, həmçinin Çinin dəniz fəaliyyəti ilə bağlı narahatlığını ifadə edib.

Həmçinin Yaponiyanın görüşlə bağlı hesabatına görə, Yaponiyanın baş naziri Çin rəhbərindən bu ölkədə saxlanılan yapon vətəndaşlarının azad edilməsini xahiş edib.

"Reuters” yazır ki, son aylarda Çin və Yaponiya rəsmiləri son illərdə ilk dəfə olaraq bir neçə məşvərətçi danışıqları bərpa etmək üçün addımlar atıb və bu, gərgin münasibətlərin mümkün həllinə işarədir.

Çin və Yaponiya son illərdə ərazi iddiaları, ticarət gərginliyi və Tokionun zədələnmiş Fukuşima AES-dən təmizlənmiş suyu dənizə tökmək qərarına görə Pekinin qəzəbi də daxil olmaqla, bir sıra məsələlərdə fikir ayrılığına düşüblər.

Xatırladaq ki, bu gün ABŞ prezidenti Co Bayden də APEC sammitində iştirak etmək üçün Peruya səfər edəcək. Orada o, Çin lideri Si Szinpinlə görüş keçirəcək, görüş zamanı bir sıra məsələləri müzakirə edəcək.

Onların arasında Rusiyanın Ukraynaya qarşı müharibəsində Pekinin Moskvaya dəstəyi, həmçinin Şimali Koreya qoşunlarının Rusiya ərazisinə yerləşdirilməsi də olacaq.

Nizami Bağırov
Seçilən
46
50
qaynarinfo.az

10Mənbələr