AZ

IDEA İctimai Birliyinin ekoloji layihələri

Noyabrın 14-də IDEA İctimai Birliyi və “Clean Air Fund” təşkilatının tərəfdaşlığı ilə COP29-un Azərbaycan pavilyonunda “Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti” mövzusunda panel müzakirəsi təşkil edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verə biləcəyi töhfəni qeyd edib. Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki, adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla bərabər, “Məktəb bağları” layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda səhiyyə naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, “Partnership for Maternal, Newborn & Child Health” təşkilatının İdarə Heyətinin üzvü Flavia Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.

***

Həmin gün Leyla Əliyeva Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində də iştirak edib.

Leyla Əliyeva Qlobal Cənub ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. O vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

Sonra Leyla Əliyeva IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər barədə məlumat verib. O, iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dünən “Ecumene” Qlobal Forumunun COP29 çərçivəsində təşkil olunan plenar iclasında da çıxış edib.

COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycanda su resurslarının dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub, ölkəmizdə həyata keçirilən bir sıra tədbirlər, yaxın illər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədə məlumat verib.

Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini də vurğulayıb, suitilərin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyini bildirib. Leyla Əliyeva qeyd edib ki, “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib. “Zəngin hövzələr” layihəsi çərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. “Bir damcı” layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

İclasda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan Respublikası başçısının və hökumətinin administrasiyası rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.

***

Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Fighting for International Nautical Species” (FINS) təşəbbüsünün pavilyonunu ziyarət edib.

Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub. FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib. Sözügedən filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd olunur.

“Seaspiracy” layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları maraqlandıran sualları cavablandırıb.

XQ

Seçilən
109
1
xalqqazeti.az

10Mənbələr