AZ

Nazir müavini: “Azərbaycan ətraf mühitlə bağlı qlobal məsələlərin həlli istiqamətində əməli işlər görür”

Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan ətraf mühitlə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində keçirilən “İqlim Fəaliyyətinin İzlənməsi üçün Milli Şəffaflıq Sistemləri” mövzusunda tədbirdə deyib.
 

O bildirib ki, bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda bir cəmiyyətin qarşısında duran böyük məsuliyyətdir:


"Ətraf mühit sahəsində qlobal ekoloji problemlərin həllində fəal iştirak edən Azərbaycan 20-dən çox ekoloji konvensiyalara və sazişlərə qoşulub. Ətraf mühitin mühafizəsi sahəsində əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

Bu gün Azərbaycan dünyanın prioritet qəbul etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın dayanıqlı və yüksək templə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulmuşdur”.

Nazir müavini qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.

“Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir”, - o vurğulayıb.

Bizim.Media

Seçilən
56
1
bizim.media

2Mənbələr