Günay Ağamalı: “Yarımçıq sülhdən söhbət belə gedə bilməz”
Niyaməddin Orduxanlı: “Azərbaycan Ermənistana çağırış edib ki, Minsk qrupundan imtina edək”
Asif Nərimanlı: “ATƏT rəhbərliyi Minsk qrupunun ləğvini müzakirəyə çıxara bilər”
Gələn ay, dekabrın 5-6-da Maltada ATƏT-ə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin XİN başçılarının illik toplantısı keçiriləcək. Tədbirə Rusiya XİN rəhbəri Sergey Lavrovun da qatılacağı gözlənilir.
Lakin Lavrova görə, ATƏT dərin böhran yaşayır və bu böhrandan çıxa bilməyəcək. “Qərbin bu təşkilatın bütün nizamnamə sənədlərini pozaraq atdığı addımlardan sonra onun qalıb-qalmayacağını bilmirəm”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, Qərb ATƏT-ə öz birtərəfli və rusofob yanaşmalarını sırımağa çalışıb.
Az öncə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, Qərb Lavrovun iştirak edəcəyi ATƏT xarici işlər nazirlərinin görüşünü boykot edib-etməmək barədə hələ qərar verməyib.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra (2022) Lavrovun Qərb ölkəsinə ilk səfəri olacaq - əgər baş tutarsa təbii ki.
Təşkilatın böhran içində olduğunu isə onun yaratdığı üzdəniraq Minsk qrupunun (MQ) uğursuz fəaliyyətindən də görmək olardı. Xatırladaq ki, Azərbaycan sülh müqaviləsini yaxınlaşdırmaq və qarşılıqlı etimadı artırmaq üçün Ermənistana bu qurumun rəsmi ləğvindən ötrü ATƏT-ə birgə müraciət ünvanlanmağı təklif edib. İrəvan isə hiyləgərcəsinə buna yalnız sülh müqaviləsindən sonra razılıq verəcəyini bildirib. Bu da onun Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyinin daha bir sübutudur.
Qəribə durumdur: təşkilat böhran içində, Minsk qrupu isə formal da olsa, qalır. Ermənistan nəyə ümidlidir?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, hazırda Azərbaycanın siyasi gündəliyində ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı bir müzakirə predmeti yer almır: “Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini görməzdən gələrək Azərbaycan torpaqlarını işğal altında saxladı. 1992-ci ildə ATƏT-in nəzdində yaradılan Minsk qrupu isə proses ətrafında imitasiya xarakteri daşıyan fikirlər səsləndirməklə sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışdı. Bu səbəbdən, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların fəaliyyətsizliyi işğal olunmuş torpaqlarımızı hərbi gücün tətbiqi ilə azad etməyə sövq etdi. Nəticədə, 44 gün davam Vətən savaşı ilə Azərbaycan tarixi ədaləti bərpa etdi və işğal olunmuş torpaqlarımızı geri qaytardı. Artıq münaqişənin həllindən dörd il keçir və Azərbaycanın siyasi gündəliyində Minsk qrupu ilə bağlı hər hansı bir müzakirə predmeti yer almır. Ona görə də həmsədrlik institutu öz legitimliyini itirib və o ləğv olunmalıdır. Lakin, son dövrlər Ermənistanın və bəzi Qərb ölkələrinin Minsk qrupunun yenidən canlandırılması üçün çalışdığını müşahidə edirik. Rəsmi İrəvanın mövcud sülh gündəliyində vaxt qazanmağa hesablanmış addımlarını strateji üstünlük əldə etmək cəhdləri kimi qiymətləndirməliyik. Ermənistan normallaşma prosesini uzatmaqla beynəlxalq müstəvidə dəstək qazanmağa çalışır və yardım edilən silah-sursatla hərbi aventuraya yönəlir. Qərb isə analoji vəziyyətə qayıtmaq üçün Minsk qrupunun canlandırılmasında maraqlıdır. Ancaq bu tamamilə qeyri-real bir yanaşmadır və rəsmi Bakının prinsipləri bəllidir. Biz Ermənistanı bütün müddəaları təmin edilmiş sülh müqaviləsini imzalamağa çağırırıq. Həmin məlum şərtlər reallaşmadıqca hər hansı bir yarımçıq sülhdən söhbət belə gedə bilməz”.
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, həm ATƏT, həm də ATƏT-in Minsk qrupu Azərbaycan xalqı üçün çoxdan ölüb: “30 il Azərbaycan torpaqlarının işğalda qalmasına, 1 milyon soydaşımızın didərgin düşməsinə və 20% ərazinin işğalda qalmasına şərait yaradan Minsk qrupundan gözləntimiz yox idi. Bütün beynəxalq hüququ ayaqlar altına atmışdı. ATƏT ona görə böhran vəziyyətinə düşüb ki, Amerikanın əlində oyuncaq bir quruma çevrilib. ABŞ-ın siyasi qərarlarını icra etməklə məşğuldur. Bu baxımdan Rusiyanın XİN rəhbəri haqlı olaraq ATƏT-in dərin böhran vəziyyətində olduğunu doğru xarakterizə edib. Ölü qurum kimə lazımdır? Və o təşkilat Rusiya-Ukrayna müharibəsində də birtərəfli mövqe nümayiş etdirdi. Ən maraqlısı odur ki, ATƏT Ukraynanın ərazisini işğal edən, təcavüzkarlıq edən Rusiyanı işğalçı adlandırır, tədbirlərində, konfranslarında Rusiyanı görmək istəmir, ancaq eyni işğalçılığı Azərbaycana edən, təcavüzkarlıq edən Ermənistana böyük dəstək verir. İşğalçının biri yaxşıdır, digəri pis? Budur ATƏT-in ikiüzlü, riyakar siyasəti. Azərbaycan sülhü əldə etmək üçün Ermənistana çağırış edib ki, Minsk Qrupundan imtina edək. Ancaq buna Ermənistan razı olnayacaq. Çünki qeyd etdiyim kimi, bütün gücü ilə ermənilərə dəstək verirlər. Qərb liderləri bu gün Paşinyanı başa salıblar ki, sülh imzalamaq olmaz, Rusiya-Ukrayna müharibəsinin yekununu gözləmək lazımdır, Putini devirib yenidən Rusiyaya Amerikapərəst birini gətirə bilərik və bu zaman yenidən Azərbaycan ərazilərini Rusiyanın əli ilə işğal edib, ermənilərə qaytaracağıq. Bu baxımdan Paşinyan bütün gücü ilə, müxtəlif təklif və bəhanələrlə Azərbaycanla sülh sazişini imzalamaqdan yayınır. Vaxt udur. Bu gün həm də ABŞ və Qərbin narahat olduğu faktor Qarabağdan gedən ermənilərin Ermənistanda və xaricdə məskunlaşmasıdır. Bu erməniləri vaxt keçdikdən sonra Qarabağa qaytarmaq çox çətin olacaq və Amerika həmin ermənilər vasitəsilə Azərbaycana təzyiq edə bilməyəcək”.
Siyasi analitik Asif Nərimanlı Minsk qrupunun mövcudluğunda maraqlı tərəflərin olduğunu qeyd etdi: “Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə beynəlxalq güclərin sərgilədiyi mövqe - işğalçı ilə işğala məruz qalan arasında fərqin qoyulmaması, bir çox hallarda işğalçının dəstəklənməsi mövcud beynəlxalq münasibətlər sisteminin çürüdüyünü təsdiq edirdi. Azərbaycan müharibədə faktiki olaraq, BMT qətnamələrini icra edərək, dünyanın ən ali orqanını, həm də beynəlxalq münasibətlər sistemini düşdüyü biabırçı vəziyyətdən xilas etdi. Ukrayna müharibəsi isə ümumiyyətlə mövcud dünya nizamının - təhlükəsizliyin və sabitliyin zəmanəti hesab olunan mövcud təşkilatların artıq lazımsız olduğunu bir daha ortaya çıxardı. Bu mənzərə fonunda ATƏT-in fəaliyyəti artıq effektivsizdir. Buna rəğmən, təşkilatın Minsk qrupunu hələ də de-yure ləğv etməməsi də onun qeyri-adekvat fəaliyyətindən qaynaqlanır. Çünki Minsk qrupunun hələ də de-yure mövcudluğu artıq siyasi məsələdir və müəyyən qüvvələr burada maraqları var. Doğrudur, ATƏT-də qərarlar yekdilliklə qəbul edilir, Minsk qrupunun de-yure ləğvi gündəmə gələrsə, qərarın qəbul edilməməsi də ola bilər. Lakin ATƏT rəhbərliyi ən azından Minsk qrupunun ləğvini müzakirəyə çıxara bilər. Bunun edilməməsi də bu təşkilatın reallığa qeyri-adekvat olduğunu təsdiq edir. Minsk qrupunun hələ də de-yure saxlanılmasında həm Ermənistanın, həm də regionda maraqları olan ölkələrin məqsədi var. Misal üçün, Fransa bu məsələdə əsas maraqlı tərəflərdən biridir. Burada məqsəd rəsmi Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir. Çünki Qarabağ münaqişəsi həll edilsə də, bu reallığı inkar edənlər və regionda şərtlər dəyişərsə, yenidən ”erməni məsələsini" kart kimi ortaya atmağı planlaşdıranlar var. Ermənistan da Minsk qrupunun de-yure ləğv edilməməsindən bu məqsədlə istifadə edir. Gələcəkdə regional şərtlərin dəyişə biləcəyi ehtimalından yapışırlar, bunun olmayacağını bilsələr də. Lakin cari dövrdə Minsk qrupunun de-yure ləğv edilməməsindən Bakı ilə danışıqlarda kart kimi istifadə etdikləri istisna edilməməlidir. Azərbaycan Ermənistana Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etməyi təklif edir. Mümkündür ki, İrəvan Bakıdan qarşılığında “nəsə alaraq” bunu etməyi düşünür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”