AZ

Artıq hərəkətə keçmək vaxtıdır - Cənubi Sudan nümayəndə heyətinin rəhbəri

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Cənubi Sudan nümayəndə heyətinin rəhbəri Cen Babtisti Haugimasdır.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29-un 7-ci günündədirlər və artıq bir neçə mühüm qərarlar qəbul olunub.

Cənubi Sudan nümayəndə heyətinin rəhbəri COP29-da böyük heyətlə təmsil olunduqlarını bildirib:

"Burada natiqlərin bilik və təcrübəsindən yararlanırıq. Dünyanın hər yerindən - Dünya Bankından, Birləşmiş Millətlər Təşkilatından, Afrika İqtisadi Komissiyasından tanınmış məruzəçilər burada iştirak edirlər. Bizim Afrika İnkişaf Bankından burada məruzəçilərimiz təmsil olunurlar".

"Əsas mesajım odur ki, artıq hərəkətə keçmək vaxtıdır. Danışıqlar aparılır, lakin real addımlara ehtiyacımız var. Bilmirəm bir həftədən sonra gözləntilərin reallaşacağını görə biləcəyikmi, ya yox. COP29-un prezidenti də çıxışlarından birində qeyd etdi ki, inkişaf etmiş ölkələr vahid fonda vəsait yatıracaqlar və bundan bəşəriyyətin xeyrinə səmərəli istifadə olunacaq. Həmçinin o qeyd etdi ki, icazə verin yumşaldılmadan adaptasiyaya keçək. Bəli, adaptasiya yüksək xərc tələb edir. Amma biz yumşaldılmadan adaptasiyaya keçməliyik. Yaxud tarazlığı necə saxlamaq haqqında ciddi vəsait ayırmalı və hərəkətə keçməliyik", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
12
2
milli.az

3Mənbələr