AZ

Depodakı elektron lövhə

“Aşığa sadağa ver,

Hirsinə qadağa ver.

Burdan salamat keçsən

Bir ye, beş sadağa ver".

(Sarı Aşıq)

Bəzən millət elə fikirləşir ki, hökumətin başı beynəlxalq tədbirlərin keçirilməsinə qarışırsa, onu yaddan çıxardır. Qətiyyətlə yazıram, belə deyildir. Xalq heç zaman yaddan çıxmır. Hökumətimiz ilk növbədə xalqı düşünür. Qalanı əfsanədir. Biz heç zaman xalqı yadların ayağına vermərik. Klassikin əsərində yazılan kimi: “İtə atarıq, yada satmarıq”.

Məsələn, son illər əhali metroda sıxlıqdan şikayətlənir. Deyirlər bir-birimizin belində yol gedirik. Doğrudan da, bəzən orda elə basabas olur ki, qapıları bağlayıb camaatı içəri beş-beş buraxırlar. Adamlar vaqonun pəncərəsindən tunelə tökülür. Bir dəfə qatarı basa-basa “İçərişəhər”ə özümüz apardıq. Çətini göz qaranlığa öyrəşənəcəndir.

Uzun sözün qısası, buna nəsə tədbir olmalıydı və oldu da. Təzəlikcə nəqliyyat üzrə holdinq yaradıldı, bütün yerüstü, yeraltı, suüstü, sualtı - el dilində yazsam, uçan-qaçan nəqliyyat növlərinin hamısını bir idarəyə cəm etdik. Yəni, bu saat metro ilə təyyarə, gəmi ilə avtobus hamısı bir çətir altına cəm olunmuşdur. Nəticədə metroda sıxlıq azalacaqdır. Gördün altda yer yoxdur, çıx eşiyə, uç. Uça bilməsən üz. Kim sənə mane olur? Bizdə sərbəstlikdir. Əlbəttə, müəyyən qanunlar çərçivəsində.

Elə bu sərbəstliyimizi görərək təkcə ötən oktyabr ayında ölkəmizdə yaşamaq üçün 8 min 7 yüz (idarə belə yazmışdı, mən də kiməm dəyişəm) müraciət daxil olmuşdur.  Əgər 1 ayda 8 min 7 yüz nəfər əcnəbi Azərbaycanda yaşamaq istəyirsə, bunu vur 12 aya, gör nə qədər edir. Sən isə donquldanırsan: “Sərhədlər bağlıdır”. Başqaları axın-axın gəlir ey. Sözgəlişi, Dubayda əhalinin 90 faizi ekspatriantdır - qıraqdan gəlmədir.

Çox iş görülür, sadəcə, fikir vermirik. Dünən xəbər var idi: Naxçıvanda 1500 sayğac yenisi ilə əvəzlənmişdir. Gör xalq üçün nə qədər vacib hadisədir! Ancaq diqqətimizdən yayınır. Belə olmaz.

Yaxud, Bakıxanov qəsəbəsində binaların arasında qəzalı qaldırıcı kran varmış, onun fəaliyyəti dayandırılmışdır. Hətta video var idi, idarənin əməkdaşları kranın ətrafına “giriş qadağandır” yazılı lent bağlamışdır. Əgər o kran uçsa, neçə insan həlak ola bilərdi. İndi isə təhlükə aradan qalxmışdır.

Belə işlər o qədərdir ki... Saysız-hesabsızdır. Ta mövzuya girmişik, bir-ikisini də yazım, yerimiz var, maşallah. Bizə bu yeri hökumət verir, əlbəttə. Verməsələr harda yazıb-oxuyacaqdıq?

Bakıda təzə işıqforlar quraşdırılıb, bunların işığı dibinə də düşür. Fantastikadır. Lap istəsən telefonda qurdalanaraq get, qırmızı işığı yerdə görüb duracaqsan. Xalqın taleyini düşünmək daha necə olur?

Ancaq ən möhtəşəm yenilik, təbii, yenə də Bakı metrosunda tətbiq olunmuşdur. Açığı, yeniliyin ilkin tətbiqindən 10 günə yaxın zaman keçir, mən keçirdiyim şok sevincdən hələ indi-indi özümə gəlirəm, ona görə bir az gec yazası oldum, əlaqədar təşkilatlardan üzr istəyirəm. Məsələ isə belədir: metronun deposunda elektron lövhə quraşdırılmışdır! Maşinistlər camaatı boşaldıb depoya gedərkən lövhəyə “qatarı depoya çatdırdım” yazırlar. Əks halda hardan biləsən, bəlkə qatarı sürüb “Sədərək”ə gedib?

O cümlədən, hərəkət zamanı qatarda hansısa problemlər üzə çıxsa maşinist bunu da elektron lövhəyə yazır. Qabaqlar belə şeyləri depo növbətçisinə kağızda yazıb verirmişlər. AXC-Müsavat dövründə heç kağız da yox idi, maşinist qaça-qaça depoya gedirdi.

Super yeniliklərdir. Sərnişinlər üçün olduqca sevindiricidir. Ancaq metro üçün 1 ayda 2 yenilik məncə çox oldu. Rəhmətlik Tağı müəllim demişkən, “bir-bir” olsa daha yaxşı deyildirmi?

P.S. Az qala yadımdan çıxmışdı: Staistika Komitəsində mətbuat xidməti üçün yeni kalkulyator alınmışdır!

Seçilən
35
musavat.com

1Mənbələr