1980-ci illərdə taciklərin məşhur bir mahnısı vardı: “Ey sənəm”. Bu mahnı keçmiş SSRİ sərhədlərindən çox-çox uzaqlarda da tanınır, sevilirdi.
“Ey sənəm” Azərbaycanda da çox populyar idi. Azərbaycan televiziyası və radiosunun efirində tez-tez səslənir, demək olar ki, bütün toylarda sifariş olunurdu... Hətta Azərbaycanın ən ucqar rayonlarının ən ucqar kəndlərində belə “Ey sənəm”i dinləməyən yox idi, mahnı kiçikdən böyüyə hamıya qulağayatımlı gəlmişdi.
Mahnını Tacikistanın qızlardan ibarət əfsanəvi “Zebo” ansamblı ifa edirdi.
1990-cı illərin əvvəllərində - SSRİ dağılan ərəfədə “Zebo” ansamblı da itib-batdı.
Azərbaycanda o vaxtlar bu ansaml haqda müxtəlif şayiələr yayılmışdı. Gah deyirdilər ki, “Zebo”nun qızları Əfqanıstana konsert verməyə gedəndə “Taliban” silahlıları onların uçduğu təyyarəni vurub və hamısı həlak olub...
Gah da iddia olunurdu ki, “Zebo” ansamblı xarici səfərdən SSRİ-yə dönmək istəməyib, qızların hamısı əcnəbi dövlətdə qalaraq sığınacaq alıblar.
Əslində isə o vaxtkı keçid dövrü, SSRİ-də tüğyan edən inflyasiya, hərc-mərclik “Zebo” ansamblının da fəaliyyətinə təsir etmiş və onun dağılmasına səbəb olmuşdu.
Eyni zamanda, ansamlın rəhbərinin başqa işə keçməsi və Tacikistanda gedən vətəndaş müharibəsi də “Zebo”nun dağılmasına öz təsini göstərmişdi.
Modern.az saytı məşhur ansambl haqqında yazını təqdim edir.
Tacikistanın “Zebo” dövlət rəqs ansamblı 1979-cu il mayın 11-də yaradılmışdı.
Ötən əsrin 80-ci illərində özünün mahnı və rəqslərilə fırtına qoparan ansaml qısa dövr ərzində təkcə Tacikistanda deyil, keçmiş SSRİ ərazisində və onun hüdudlarından kənarda məşhurlaşmış, dünyanın bir çox ölkələrinə qastrol səfərləri edərək populyarlaşmışdı.
Ansamblın rəhbəri Zebo Aminzadə idi. O, ansamlı yaradarkən müsabiqə əsasında 25 qız seçmiş, onlardan 10 ən gözəli və istedadlısını saxlamışdı.
Zebo Aminzadə əvvəlcə Moskva Xoreoqrafiya Məktəbində, sonra Daşkənd Xoreoqrafiya Məktəbində təhsil almışdı. 1965-ci ildə təhsilini bitirəndən sonra Tacikistana – doğma Xucand şəhərinə qayıdaraq, yerli teatrda işə düzəlmişdi.
O, ötən il Tacikistan mətbuatına müsahibəsində “Zebo” ansamblının necə yaranmasından danışıb:
“1978-ci ildə məni Ümumittifaq komsomolunun qurultayına nümayəndə seçdilər və Moskvaya uçmaq üçün Düşənbəyə gəldim. Eyni zamanda işimlə bağlı Dövlət Televiziya və Radio Komitəsinə getməyə qərar verdim. Orada öyrəndim ki, yeni rəqs ansamblı yaradılır, namizədlər seçilir.
O zaman “Gülşən” ansamblının bədii rəhbəri olan Arifşo Arifov məni yeni qrup üçün seçilən qızları görməyə dəvət etdi, eyni zamanda fikirlərimi öyrəndi. Arqumentlərimi dinləyən Arifov Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri Qaib Kələndərovla birlikdə gözlənilmədən mənə yeni ansambla rəhbərlik etməyimi istədi. Azca düşünərək təklifi qəbul etdim.
Düzünü desəm, daha əvvəl heç vaxt xoreoqraf olmaq və ya kiməsə dərs demək haqqında düşünməmişdim.
Ansamblın ilk konsert proqramı 13 rəqsdən - milli, Şərq və SSRİ xalqlarının rəqslərindən ibarət idi. Televiziyadakı premyeramızdan sonra yeni ansambla ən yaxşı ad seçimi üçün müsabiqə elan etdilər. Nəticədə “Zebo” adında qərarlaşdıq - bir çox televiziya tamaşaçıları məktublarında seçimlərini belə əsaslandırdılar ki, gözəl rəqslər, gözəl qızlar, gözəl geyimlər seçmişik və hətta ansamblın rəhbərinin adı Zebodur...
Sevinirəm ki, 50 ildən çoxdur ki, tamaşaçılar ansamblımızı xatırlayır və onu sevirlər. Əməyimiz nəzərə çarpırsa və yaradıcılığımızın bəhrələri insanların qəlbində iz buraxıbsa, çox xoşbəxtəm”.
Zebo Aminzadə “Ey sənəm” mahnısının tarixçəsindən də bəhs edib:
“Bir dəfə “Gülşən” ansamblının musiqi rəhbəri Yuri Lyadov bizə bir əcnəbi mahnının aranjimanını təklif etdi. Mahnının sözləri tacik dilində yazılmışdı və onu eşidəndə anladım ki, milli elementlərlə zəngin olan müasir rəqs hazırlanmalıdır. Rəqs bir neçə günə hazırlandı, Lyadov bunu ilk dəfə görəndə ilhamlandı və bizim üçün böyük bir rəqs süitası bəstələdi. Beləcə bütün zamanların rəqsi olan “Ey sənəm” yarandı”.
Zebo Aminzadənin sözlərinə görə, “Ey sənəm” rəqsi ilə populyarlaşan ansaml tezliklə müxtəlif yerlərdən qastrol təklifləri alıb.
“Ansamblımız SSRİ respublikalarında və xaricdə - Əfqanıstan, Bolqarıstan, Belçika, Nepal, Tunis, İspaniya, Hindistanda, İngiltərə, Lüksemburq, Şotlandiya, Çexoslovakiya, Şri Lanka, Yaponiyada qastrol səfərlərində olub.
Amma ən silinməz təəssüratı dörd dəfə səyahət etdiyimiz Əfqanıstan bizə verdi.
Bu, Sovet qoşunlarının Əfqanıstanda məhdud bir kontingentlə xidmət etdiyi illər idi. “Kobul Nandori” Teatrına ilk səfərimizdə bir gündə üç konsert verdik. Ertəsi gün məşq etdiyimiz zaman teatrdan bir qədər aralıda güclü partlayış baş verdi. Hamı qorxurdu. Vəziyyətimi təsəvvür edin, hər bir qızımın həyatına cavabdeh idim...
1981-ci ildə Əfqanıstan patyaxtı Kabildəki stadionda verdiyimiz konserti isə heç vaxt unutmayacağam. Bizim qızlar çıxış etməyə başlayanda böyük bir izdiham tribunadan kiçik səhnəyə doğru axışdı. Qızlarımdan hər hansı birinin səhnədən qoparılaraq izdihamın arasında yoxa çıxa biləcəyini təsəvvür edəndə dəhşətə gəldim, bu, qorxulu kabus idi. Amma hər şey yaxşı qurtardı, biz gözəl çıxış etdik.
Daha sonra Sovet səfirliyinin nümayəndələri bizə dedilər ki, məhz bizim konsertimizə gəlmək üçün nə qədər “düşmən” təslim olaraq, öz silahını təhvil verib...
Əslində bizim ansambl siyasətçilərin heç də həmişə bacarmadığı işləri həyata keçirib. 1993-cü ildə Tacikistanda vətəndaş müharibəsi olanda ansambl gənclər festivalında iştirak etmək üçün Belçikaya yollanmışdı. Rəqslərimiz və musiqimizlə belçikalıları o qədər valeh etdik ki, onlar təəccüblənmişdilər ki, belə bir xalq bir-birini necə məhv edə bilər?
Bu gün üçün qeyri-mümkün görünür, lakin o vaxt bizim ansamlımıza görə katolik kilsələrində klassik musiqimizə - “Şaşmak”a xütbə oxuyur və tacik torpağına sülh və əminamanlıq gəlməsi üçün dua edirdilər.
Mən bir daha əmin oldum ki, sənət insanları bir araya gətirə, birləşdirə bilər. Belçikada cəmi 3-4 gün qaldıq, ailələrlə yaşadıq. Dil bilmirdilər, ona görə də jestlərlə izah edirdilər. Biz konsertlərdə çıxış edəndə qızlarımın belçikalı ailələrindən olan “valideynləri” evdən sendviç gətirir, onlara qulluq edirdilər. Ayrılıq anını heç vaxt unutmayacağam: belçikalılar gözləri yaşlı halda mindiyimiz avtobusun yolunu kəsdilər. Avtobusda biz də ağladıq...
Qızlarımızdan birinin sözünü heç vaxt unuda bilmərəm, o mənə demişdi ki, sən təkcə ansambl yox, ailə yaratmısan”.
Zebo Aminzadənin sözlərinə görə, onun ansamlının repertuarında olan “Cavoni”, “Tuena”, “Çuponi”, “Zəng”, “Ey sənım”, “Bodi sabo”, “Dar çəmən”, “Munojot”, “Voxuri” rəqsləri çox populyar idi.
Bunlar həm tacik, həm də iran, əfqan, hind, uyğur, özbək, nepal, qırğız, rus və başqa xalqların rəqsləri əsasında hazırlanmışdı.
Zebo Aminzadə bir vaxtlar dünya şöhrəti qazanmış ansamlın dağıldığı zamanı da xatırlayıb:
“Uzun illər keçib və ansamlın həyatda olan qızları hələ də dostdurlar, bir-biri ilə ünsiyyətdədirlər. Mən də bəzən onlarla görüşürəm”.
Zebo Aminzadə deyib ki, 15 il bu ansamblda çalışdıqdan sonra çoxlarını təəccübləndirərək 1993-cü ildə dövlət qulluğuna keçib.
“Mənə respublika Nazirlər Soveti sədrinin müavini olmağı təklif etdilər. Bu təklifdən o vaxt imtina edənləri tanıyıram, çünki yeni qurulan hökuməti qarşıda nə gözlədiyini heç kim bilmirdi.
O vaxt işləmək asan deyildi – Tacikistanda vətəndaş müharibəsi gedirdi və yeni hökumətdəki komanda gənc olduğu üçün ölkə rəhbərliyinin dəstəyə ehtiyacı var idi. Lazımi təcrübəm olmasa da, bu təklifdən şoka düşən ailəmlə məsləhətləşib razılaşdım. Cəmi 1 il işlədim, amma mənə göstərilən etimadı doğrultmağa çalışdım”.
Onu daha sonra 1994-cü ildə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Koordinasiya Şurasının sədri, eyni zamanda orada Tacikistan Respublikasının daimi nümayəndəsi seçirlər və Tacikistandan Moskvaya köçür...
Beləcə bir təfədən iqtisadi çətinliklər məngənəsində sıxılan, digər tərəfdən vətəndaş müharibəsinin stressini yaşayan əfsanəvi “Zebo” ansamlı da çətin günlərdən sonra dağılır, onun üzvlərinin hərəsi başqa-başqa sahələrə üz tutmalı olur...
Moskvaya köçən Zebo Aminzadə isə 1996-2003-cü illərdə “Mir” Dövlətlərarası Teleradio Şirkətində sədrin müşaviri, sonra MDB üzvü olan dövlətlərin iqtisadi şurasında daimi əlaqələndirici və məsləhətçi kimi çalışıb.
2012-ci ildə o, vətənə - Tacikistana qayıdıb, Xucand şəhərində yaşamağa və rəqqasələr hazırlamağa başlayıb.
2014-cü ildə Tacikistan prezidenti İmomali Raxmonun dəvəti ilə paytaxt Düşənbəyə köçüb və yeni “Zebo” rəqs ansamblı formalaşdırıb. 4 aydan sonra yeni ansablla səhnəyə qayıdan Zebo Aminzadə tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb:
“Rusiyada yaşadığım 20 il ərzində hər il anama baş çəkmək üçün Tacikistana gəlirdim. O, tamamilə qocalanda və tez-tez xəstələnəndə, ailəmi - üç oğlum, yeddi nəvəm və bir nəticəmi Moskvaya qoyub, doğma Xucand şəhərinə qayıtmaq qərarına gəldim.
Bir dəfə təsadüfən mənimlə görüşən o vaxtkı Suqd vilayətinin sədr müavini Mövcuda Boboyeva şəhərdə rəqs ansamblı yaratmağı təklif etdi. Amma qərara gəldim ki, ansambl yox, rəqs məktəbi yaradım. Müraciət edənlər çox idi.
Yaradıcı insanların həyatı problemsiz deyil. Bəzi bədxahlar hər şeyi atıb getməyimi istədilər. Amma respublikada rəqs sənətinin inkişafı üçün mümkün olan hər şeyi etməyi qarşıma məqsəd qoyduğum üçün təslim olmamaq və işləməyə davam etmək qərarı vermişdim.
2014-cü ilin aprelində dövlət başçısı İmomali Raxmon Suqd vilayətində olarkən məni yeni “Zebo” dövlət rəqs ansamblı yaratmaq üçün Düşənbədə işləməyə dəvət etdi.
Dörd ay keçəndən sonra Düşənbədə yeni ansambl konsert proqramında “Ey Sənəm”i ifa etdi. 21 may 2016-cı il tarixində isə ansamblın təqdimat proqramı baş tutdu, orada Prezident, hörmətli İmomali Raxmon şəxsən iştirak etdi, buna görə ona çox minnətdaram.
İndi arzu edirəm ki, Tacikistanın paytaxtında rəqs, musiqi və poeziya teatrı yaradılsın. Bu teatrda mən və tələbələrim ölkənin bütün rəqs kollektivləri üçün peşəkar kadrlar hazırlaya bilək.
Ölkəm və xalqım üçün mümkün qədər çox şey etməyi xəyal edirəm”.
Ə.Qafarlı