AZ

Paşinyanın “strateji saziş” açıqlaması: Sülh müqaviləsi Ermənistanın maraqlarını…

  Ermənistan baş naziri Nikol Paşinyanın “strateji saziş” açıqlaması müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bununla o, sülh müqaviləsindən sonrakı dövrdə “zəmanət qazanmaq” məqsədi daşıyır.

Erməni baş nazir bildirir ki, Azərbaycan və Ermənistan dinc, yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır. Bu strateji saziş “real Ermənistan” konsepsiyasına əsaslanır. Bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını – istəklərini tam ifadə etmədiyindən xəbər verir.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Nikol Paşinyanın verdiyi son bəyanatları nəzərə alsaq deyə bilərik ki, o, sülhdən danışsa da buna dair ciddi nə isə etmir:

“Biz çox istəyirdik və gözləyirdik ki, Ermənistan nümayəndə heyəti COP29-da iştirak etsin. Çünki bu, real sülh üçün atılacaq ciddi addım olacaqdı. Bundan başqa həm də iki tərəf arasında qarşılıqlı etimad mühiti yarana bilərdi. Əslində Ermənistan çox ciddi tarixi bir fürsəti əldən verdi.

Ermənistanın nə etmək istədiyini müəyyən etmək çox çətindir. Çünki istəyi ilə gözlənti arasında fərq var. Ermənistan sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki mövcud vəziyyət Ermənistan iqtisadiyyatına ciddi zərər vurur. Azərbaycanla münasibətlərin normallaşması ilk növbədə Türkiyə ilə sərhədlərin açılması və Ermənistanın Qərbə inteqrasiyası üçün vacibdir. Lakin bu o qədər də asan deyil. Çünki Fransa kimi ölkələr sülhdə maraqlı deyil və Ermənistan da Parisin sözündən çıxa bilmir.

 


Ramiyə Məmmədova

İki gün öncə Mariya Zaxarova çıxışında bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülhə nail ola bilməməsinin ən böyük səbəbi Ermənistanın həmin vaxt sərgilədiyi mövqe idi. Azərbaycan heç vaxt heç bir ölkənin ərazisini işğal etməyib, belə niyyəti olmayıb. Ancaq Ermənistan konstitusiyasında dövlət ideologiyasında bu məqamlar var. Hələ də bu vəziyyət davam edir.

Bütün bunları nəzərə alaraq demək lazımdır ki, Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Bunu isə təkcə sözlü yox, konstitusiya və müstəqillik haqqında bəyannaməsində dəyişiklik edərək göstərməlidir. Bundan başqa ikitərəfli münasibətlərin normallaşması üçün daha konstruktiv olmalıdır. Əks təqdirdə sülh əldə edilməyəcəyi kimi gərginlik də arta bilər”.  

Seçilən
54
referans.az

1Mənbələr