AZ

Təbii qaza limit təyin etmək, anlaşılan deyil  - AÇIQLAMA

Əhalinin elə kateqoriyası var ki, bundan çox əziyyət çəkir

“Müxtəlif həll variantları gözdən keçirilə bilər. Yetər ki, əhali qrupu üçün güzəştlər tətbiq edilsin. Diferensial yanaşma da mümkündür.  Məsələn, 12 qəpiklik limiti artırmaq da olar, yaxud mənzillərin kvadratmetrinə görə ödəniş təyin edilə bilər”

  “Azəristiliktəchizat” payız-qış mövsümünün açılışını etdi. Mərkəzi istilik şəbəkəsinə qoşulanlar noyabrın 15-dən etibarən istiliklə təmin ediləcək. Bu sıraya əsasən təhsil müəssisələri, uşaq bağçaları, dövlət xəstəxanaları və  dövlət balansında olan sair idarə və müəssisələr daxildir.  Həmçinin  hələ də mərkəzi istilik sistemindən “qidalanan” sovetdənqalma bəzi köhnə yaşayış binaları. Məlumdur ki, yeni yaşayış komplekslərinin əksəriyyəti fərdi istilik sisteminə malikdir. Təbii qazın verilməsində payız-qış mövsümünün hələ də “tarixi ənənə” olaraq yaşadılması əsasən təhsil müəssisələrində, idarə və təşkilatlarda problem yaradır.  Qlobal iqlim dəyişmələrinin dünyamızı necə lərzəyə saldığı bu günlər ölkəmizdə keçirilən COP29 günlərində daha aydın görünür.  İqlimdə həqiqətən də açıq-aydın dəyişmələr baş verir. Oktyabr ayında elə soyuq havalar olur ki, insanlar mənzildə, iş yerlərində istiliyə ehtiyac duyur. Eləcə də payız-qış mövsümünün tələm-tələsik başa çatdırıldığı 15 apreldən sonra, kəskin soyuq havalar yaşanır. Maraqlıdır, bir məsələ ki ödənişlə həll edilir, vətəndaş və ya müəssisə sərf etdiyi təbii qazın dəyərini ödəmək öhdəliyinə sahibdir və əsasən də vətəndaş – abonent təbii qaz ödənişlərini həyata keçirir (ödəmə olmadıqda qaz zatən kəsilir – M.R.) payız-qış mövsümünün israrla saxlanması niyə və nəyə lazımdır? İndiyədək bu suala əlaqədar qurumlar anlamlı, inandırıcı bir cavab verməyib. Digər, daha ciddi problem isə neft-qaz ehtiyatları ilə zəngin, dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edən, büdcə gəlirlərinin böyük hissəsini neft-qaz gəlirləri təşkil edən bir ölkədə əhaliyə verilən təbii qaza limit tətbiq edilməsidir. Xatırladaq; Tarif Şurasının çox-çox illər qəbul etdiyi qərarla əhalinin təbii qazdan istifadəsinə limit tətbiq edildi. Təbii qazdan illik istehlakın 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 14, 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. Bu o deməkdir ki, əhaliyə kubmetri 12 qəpikdən hesablanacaq təbii qaz yalnız 1200 kub.metr  limitlə verilir. 1200 kubmetr limit aşıldıqda əhali hər kubmetrə görə 14, daha sonra 20, limit yenə aşılarsa, 25 qəpikdən ödəniş etməli olur. 1200 kubmetrlik limit, görəsən, hansı hesabla, hansı statistika ilə, hansı ölçü, hansı “arşınla” təyin edilib? 1200 kubmetr qaz limiti o deməkdir ki, ilin 12 ayına 100 kub.metr təbii qaz düşür.  Əgər abonent 20 qəpiklik limitə keçmək istəmirsə və buna maddi imkanı çatmayacaqsa, buyursun, 1200 kubmetri 12 aya bölsün. Necə? Hər ay yalnız 100 kubmetr qaz işlətsin. Kəskin soyuq havalarda qaz sobası yandırsın, məsələn, qar yağanda. Digər vaxtlarda qazdan istifadə etməsin gərək. Mətbəxdə də istifadə etməsin, hamamlanmasın da.  Çünki bu məişət işlərində təbii qazdan istifadə edəcək olursa, nəinki 1200-lük, artıq 2500-lik limiti keçəcəyi qaçılmazdır. Hətta limitin keçilməsi inşası səbəbiylə daha gec qızdırılan fərdi yaşayış evləri, həyət evlərində deyil, hündürmərtəbəli binalarda, panel mənzillərdə də yaşanır.  
  Təbii qaza tətbiq edilən limit məsələsi dəfələrlə ictimai müzakirəyə çıxarılsa da, hətta Milli Məclisdə də müzakirə edilsə də, heç bir dəyişiklik yoxdur. Təbii qaza tətbiq edilən limitin ləğvi məsələsi bu il də deputatlar tərəfindən qaldırılıb. Hətta təklif edilib ki, limit idarə və müəssisələrə, yəni gəliri olanlara tətbiq edilsin, əhali kateqoriyası üçünsə limit qaldırılsın.  Bu problem necə həllini tapa bilər? 
  İqtisadçı Əkrəm Həsənov “Sherg.az"a açıqlamasında bildirdi ki, problemin həlli üçün ilk növbədə şəffaflıq lazımdır: 

- “Azəriqaz” özünün rəsmi internet səhifəsində, yaxud lap hansısa digər internet resursunda bütün abonentlər haqqında məlumatları yerləşdirməlidir. Hansı abonent nə qədər qaz sərf edib, limiti kim keçib, kim keçməyib, kənar xətlərlə qaz hara sərf olunur, kimlər, hansı təşkilatlar, müəssisələr təbii qazdan qanunsuz, qeydiyyatsız istifadə edir, bilinməlidir. Bu məlumatlar şəffaf bir şəkildə açıqlansa, hər bir abonentin nə qədər təbii qaz sərf etdiyi, limiti nə zaman, nə qədər keçdiyi bilinəcək, ümumən ictimaiyyət də bundan xəbər tutacaq. Hər kəs nə qədər qaz sərf etdiyini onsuz da bilir, amma “Azəriqaz” şəffaflığını təmin etməlidir. Qaldı ki təbii qaza limit tətbiqinə, biz həmişə demişik ki, bu, düzgün deyil, əhali kateqoriyası bundan əziyyət çəkir. Azərbaycanın təbii qaz ehtiyatı və digər təbii ehtiyatları nəzərə alınarsa, əhali qrupu üçün təbii qaza limit təyin etmək, anlaşılan deyil. Heç olmasa, limit müəssisələrə, idarə və təşkilatlara – yəni gəliri olanlara aid edilsin. Əhali qrupu üçünsə, limit olmamalıdır. Ondansa, ortalama qiymət təyini daha yaxşıdır. Bizim ailə kiçikdir, amma hətta biz də qışın əvvəli limiti keçirik. Belə olan halda ailə tərkibi böyük olanlar, fərdi ev sahibləri limiti lap çox keçir deməli. Fərdi evlərdə  qaz sərfiyyatı daha artıq olur, çünki bu evlər mərkəzi istilik sistemindən kənardır, mənzilləri isitmək çətin olur. Son illərdə iqlim şərtləri də dəyişib. Ümumilikdə ilin 8 ayı soyuq keçir. Heç olmasa, payız-qış aylarına limit tətbiqi ləğv edilsin, yaz-yay aylarında tətbiq edilsin. Müxtəlif həll variantları gözdən keçirilə bilər. Yetər ki, əhali qrupu üçün güzəştlər tətbiq edilsin. Diferensial yanaşma da mümkündür.  Məsələn, 12 qəpiklik limiti artırmaq da olar, yaxud mənzillərin kvadrat metrinə görə ödəniş təyin edilə bilər. Məsələn, smart-kartla ödəniş olmayan mənzillərdə içməli suyun ödənişi ailə tərkibinin sayına görə müəyyən edilir. Bu məntiqlə ki ailə üzvü çoxdursa, sudan daha çox istifadə edilir, nəinki ailə tərkibi kiçik olanlarda. Əslində, bu da yanlışdır. Kim hesabat aparır ki, hansı ailə, hansı mənzil sudan daha çox, hansı az istifadə edir? Ümumiyyətlə, kommunal ödənişlərdə əhali kateqoriyası üçün güzəştlər, endirimlər olmalıdır. 

Seçilən
51
sherg.az

1Mənbələr