AZ

Rusiya izolasiyadan çıxır? - Zelenski NARAHATDIR

Ötən gün Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu, iki ildən sonra liderlər arasında baş tutan ilk telefon danışığı olub. Almaniya tərəfinin görüşlə bağlı açıqlamasında Rusiyadan qoşunlarını Ukraynadan çəkilməsinin tələb edildiyi qeyd edilib.

 

Rusiya tərəfi isə gələcəkdə qarşılıqlı əlaqələrin bərpasından danışıldığını elan edib. Putin Rusiyanın enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirdiyini və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu deyib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə telefon danışığını sərt tənqdi edib və bu zəngin Rusiyanı izolyasiyadan çıxarmağa kömək edəcəyini bildirib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Almaniya kansleri Olaf Şolts sanki Qərbin nümayəndəsi kimi çıxış edib:

 

"Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti ilə telefonda danışacağı 20 gün əvvəldən bilinirdi. Olaf Şolts müsahibələrindən birində buna eyham vurmuşdu. Halbuki Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından sonra Qərb liderləri faktiki Putinlə təmasları kəsmişdi. Bu ilk təmas oldu. Ukrayna Prezidenti  narahatdır ki, Şoltsdan başqa digərləri də Putinlə telefon vasitəsi ilə əlaqə saxlaya, hətta hansısa toplantıda görüşə bilərlər.

Zelenski düşünür ki, Qərbin bundan sonra Ukraynaya dəstəyi azala, Rusiyanın planı arxa plana keçə bilər. Xüsusilə Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra Ukrayna-Rusiya müharibəsini necə dayandıracağı da Volodimir Zelenskini narahat edən nüanslardan biridir. Əlbəttə, bu o demək deyil ki, Qərbin digər liderləri də Putinlə telefonla əlaqə saaxlayacaqlar. Lakin Şolts sanki Qərb liderlərinin  nümayəndəsi kimi çıxış edib. Düzdür, Putinə deyib ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir. Amma Rusiya tərəfi başqa cür açıqlama verdi. İkitərəfli əlaqələrin gələcəkdə bərpası ilə bağlı fikir mübadiləsinin aparıldığını elan etdi. Ona görə də Zelenskinin narahatlığı anlaşılandır".

 

Politoloq söyləyib ki, Qərbdə sanki Ukraynanın hərbi yolla ərazilərini qaytara bilməcəyinə dair təəssürat yaranıb:

 

"Qərb liderləri açıq deməsələr də, Ukrayna Ordusunun müəyyən məntəqələrdə geri çəkilməsinin müşahidə edilməsi vəziyyəti dəyişib. Bu, Qərbdə Ukraynanın müharibə yolu ilə ərazilərini geri qaytara bilməyəcəyinə dair təəssürat yaradır. Bu, baş verməyəcəksə, artıq Putinlə müəyyən məsələlərin müzakirəsinin vaxtı yetişib".

Seçilən
28
50
modern.az

10Mənbələr