Son illər kirayə mənzil bazarında içarəçilərlə mənzil sahibləri arasında baş verən mübahisə halları artmaqdadır.
Qaynarinfo xəbər verir ki, mütəxəssilər mübahisəyə səbəb kimi ev sahiblərinin mənzili kirayə verdikdən 1-2 ay sonra qiyməti qaldırılması ilə əlaqələndirir.
Məsələn, kirayəçilərdən biri yazır: "Hazırda kirayədə yaşayıram. Bu evə bir ay qabaq köçmüşəm. Maklerlə bir illik müqavilə də imzalanıb. Köçəndən sonra ev sahibi mənzili başqa birisinə satdı. Maklerimiz yeni ev yiyəsinə bilidirib ki, orada müqavilə ilə kirayə yaşıyanlar var və bir il onlara toxunmaq olmaz. Yeni ev sahibi də bununla razılaşdı. Amma bir aydan sonra qiyməti qaldırmaq istəyir. Halbuki, bizim müqaviləmizdə evin hansı qiymətə verilməsi yazılıb. İndi nə etməliyəm?".
Bir illik müqavilə olduğu halda ev sahibinin kirayə haqqını qaldırması əsaslıdırmı? Bu qanunvericilikdə necə tənzimlənir?
Əmlak eksperti Ramil Qasımzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, belə hallarda bağlanılan müqavilə hər iki tərəfin razılığı ilə pozula bilər:
"Əks halda, qeyri-mümkündür. Kirayəçi evdən çıxarıldığı halda məhkəməyə müraciət edib, kompensasiya tələb edə bilər".
Əmlak eksperti Elnur Azadov bildirib ki, belə hallar ümumi daşınmaz əmlak bazarında tez-tez baş verir:
"Söhbət təkcə mənzillərdən getmir, həmçinin obyektlərdə, kommersiya tipli əmlaklarda rast gəlinir. Belə hallarda hər bir icarəçi risk daşıyır. Hüquqi müstəvidən baxsaq, zərərçəkən kirayəçidir. Əziyyət çəkib, köçüb, müəyyən xərclərlə üzləşib, evi yenidən qurub və s. Sonradan isə xoşagəlməz hadisə ilə rastlaşıb. Kirayəçi belə halda ev sahibi ilə müəyyən razılığa gəlməlidir. İstəlinən halda, Azərbaycan Respublikasının qanunları var. Mülkiyyətçinin tam olaraq öz mülkiyyətindən istifadə etmək huququ var. Son söz mülkiyyət sahibinindir".
Ekspert kirayəçinin məhkəməyə müraciət etmək hüququnun olduğunu qeyd edib:
"Hakim bu kimi hallarda tərəfləri qarşılıqlı razılıq əldə etməyə çağıracaq. Alternativ yol olaraq qarşı tərəfə 6 ay vaxt verilir. Bu müddət ərzində kirayəçi yeni mənzil tapmalıdır".
Ekspert təklif edib ki, bu kimi halların qarşısını almaq üçün müqavilənin tərtib olunması prosesinə peşəkar əmlakçılar, yaxud da vəkillərin cəlb olunması vacibdir:
"Qara maklerlər"in bu prosesdə əli olur, onlar səthi müqavilə bağlayır və icarəçiləri düşünmürlər".
Bahar Rüstəmli