Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında qarşıdurma yaşanıb.
Modern.az xəbər verir ki, seçkilərin nəticələrinə etiraz edən bir qrup şəxslə polis arasında toqquşma baş verib.
Polis yolu bağlamağa çalışan bir neçə etirazçını saxlayıb.
Etiraz aksiyası Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin yekun protokolunu müzakirə edən zaman başlayıb. Protokolun qəbulundan bir müddət sonra etirazçılar yolu bağlamağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri etirazçıları qovub, nəqliyyatın hərəkətini dayandırıb və bir neçə nəfəri saxlayıb.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu imzalayıb. Yekun nəticələrə görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkilərində 53,93% səslə qalib gəlib və qanunverici orqandakı 150 yerdən 89-nu əldə edib.
Müxalifət partiyaları seçkinin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.