AZ

Pandemiya dövrünün uşaqlara vurduğu zərər necə aradan qaldırıla bilər? - Ekspertdən AÇIQLAMA

Pandemiya dövründə doğulan və ya bu dövrü görən uşaqlar arasında autizm spektri pozuntuları, nitq geriliyi və sosial-emosional inkişafda gecikmələr müşahidə olunub. Mütəxəssislərin fikrincə, bu problemlərin əsas səbəbi pandemiya şəraitində yaranan sosial və psixoloji mühitlə bağlıdır. 

 

Bəs bu problemlərin əsas səbəbi nədir və necə aradan qaldırılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, karantin rejimi və sosial izolyasiya uşaqların normal inkişafı üçün zəruri olan stimulları məhdudlaşdırır:

 

"Körpələr və kiçik yaşlı uşaqlar erkən yaş dövründə sosial-emosional əlaqələr və qarşılıqlı ünsiyyət yolu ilə inkişaf edir. Lakin pandemiya səbəbindən bu proses pozuldu, ailədaxili ünsiyyət artdığı halda, uşaqların sosial mühitlə təması əhəmiyyətli dərəcədə azaldı".

 

Ekspert qeyd etdi ki, digər bir problem isə texnologiyadan həddindən artıq istifadə ilə bağlıdır:

 

"Texnologiyadan ifrat istifadə də bu dövrdə doğulan və ya uşaqlıq dövrü pandemiya dövrünə təsadüf edən azyaşlılarda ciddi inkişaf problemlərinə səbəb olub. Uşaqlar pandemiya dövründə daha çox ekran qarşısında vaxt keçirərək insanlarla ünsiyyətdən uzaq qaldılar. Televizor və planşetlər vasitəsilə əldə olunan məlumatların interaktiv olmaması, nitqin inkişafı üçün zəruri olan qarşılıqlı əlaqəni əngəllədi. Bu nitq geriliyi və sosial bacarıqlarda zəifliklə nəticələndi".

 

Onun sözlərinə görə, valideynlərin pandemiya dövründə artan stress və narahatlığı da uşaqların inkişafına təsir edib:

 

"Ailədaxili gərginlik uşaqların emosional sabitliyinə mənfi təsir göstərib. Valideynlər çox vaxt uşaqlarla kifayət qədər keyfiyyətli ünsiyyət qura bilmədi, bu da sosial və nitq bacarıqlarında geriliklərin yaranmasına səbəb oldu".

 

K.Əsədov vurğuladı ki, statistikalar vəziyyətin ciddiliyini göstərir:

 

"ABŞ-də pandemiya illərində doğulan uşaqların 20%-dən çoxunda nitq və sosial bacarıqlarda gecikmələr müşahidə edilib. Böyük Britaniyada məktəbəqədər yaş qrupunda uşaqların 30%-ə qədərində ünsiyyət problemləri qeydə alınıb. Azərbaycanda isə 1-ci sinif şagirdləri arasında nitq geriliyi və sosial uyğunlaşma problemləri ilə bağlı artım müşahidə olunur".

 

Mütəxəssis problemlərin həlli üçün erkən müdaxilə proqramlarının tətbiqini təklif edib:

 

"Bu problemlərin həlli üçün erkən müdaxilə proqramları tətbiq edilməli, nitq terapiyası və davranış müalicəsi kimi xidmətlər genişləndirilməlidir. Məktəbəqədər və ibtidai təhsil müəssisələrində uşaqların sosial və emosional inkişafını dəstəkləyən xüsusi proqramlar hazırlanmalıdır. Valideynlər üçün təlimlər təşkil olunmalı, uşaqların nitq və sosial bacarıqlarını inkişaf etdirmək üçün onlara praktik metodlar öyrədilməlidir. Sistemli yanaşma ilə bu problemlərin təsirləri azaldıla bilər və uşaqların inkişafına dəstək verilə bilər".

 

Firuzə Əliyeva

Seçilən
53
50
sfera.az

10Mənbələr