İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında iqlim dəyişikliklərinin iqtisadi sektorlara təsirindən və bu problemlərin həlli yollarından danışıb.
Ruslan Atakişiyev qeyd edib ki, iqlim dəyişikliyi xüsusilə kənd təsərrüfatına ciddi təsir göstərən sahələrdən biridir. Bununla mübarizədə bir neçə istiqamət diqqət mərkəzindədir:
-
Daşqınlar və quraqlıqla mübarizə: Su mənbələrinin azalması nəticəsində yaranan problemlərin həlli üçün texnologiyalardan istifadə əsasdır. Məsələn, dəniz suyunun şirinləşdirilməsi, tullantı sularının emalı və yenidən istifadəyə qaytarılması vacib həll yollarındandır.
-
Əhali artımı və kənd təsərrüfatı məhsulları təminatı: Əhali artımı nəticəsində ərzaq məhsullarına olan tələbat artır. Bu çətinliklərin öhdəsindən gəlmək üçün texnologiyadan istifadə etməklə məhsuldar bitki və heyvandarlıq növləri yetişdirilir. Bununla kiçik ərazilərdə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür.
Ruslan Atakişiyev əlavə edib ki, sənaye sektoru da iqlimə uyğun texnologiyalar tətbiq etməklə bu çağırışlara cavab verə bilər. Yeni zavod və müəssisələrin yaradılmasında ekoloji dost avadanlıqların və standartların tətbiqi vacibdir. "Bu sahədə hazırlanan ekoloji standartlar müəssisələrin ətraf mühitə minimal təsir göstərməsini təmin edəcək," – deyə o bildirib.
Sonda Atakişiyev qeyd edib ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə innovativ həllər və texnologiyalar həlledici rol oynayır. Azərbaycanın bu sahədəki səyləri davamlı inkişaf məqsədlərinə nail olmaqda əhəmiyyətli töhfə verəcəkdir.
Pərvanə Fərhadqızı
QHT.az