AZ

Planeti xilas etmək üçün karbon emissiyaları 2030-cu ilə qədər 41 faiz azaldılmalıdır - İnqer Anderson

Qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmaq məqsədinə nail olmaq üçün karbon emissiyaları 2030-cu ilə qədər 41 faiz azaldılmalıdır.

Olaylar xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson "Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə deyib.

"Karbon emissiyaları azalmaq əvəzinə artmağa davam edir. Bu, müşahidə etmək istədiyimiz bir mənzərə deyil. Keçən il emissiyaların 1,3 faiz artmasını qeydə aldıq, halbuki biz ikirəqəmli faizlərlə azalma görməli idik. Bu templə davam etsək, yanlış istiqamətdə irəliləyəcəyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hər il 57 giqaton karbon qazı atmosferə buraxılır. Qalan emissiya büdcəsini nəzərə alsaq, cəmi 200 giqaton qalır. İqlim tədbirləri üzrə borc artmağa davam edəcək və bu, daha çox iqlim fəlakətləri və daha ciddi zərərlərlə nəticələnəcək.

"Erkən xəbərdarlıq sistemlərinə investisiyaları təcili şəkildə artırmalıyıq, çünki hətta indi tədbirlər görsək belə, artıq gecikirik və təsirlər daha da dağıdıcı olacaq", - deyə İ.Anderson qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
2
olaylar.az

3Mənbələr