Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası parlament seçkisində qələbəsi artıq tam təsdiqlənib.
Gürcüstanın Seçki Komissiyanın katibi Georgi Cavaxişvili iclasda bəyan edib ki, hakim partiya “Gürcü Arzusu” parlamentdə 150 mandatdan 89-nu qazanıb.
Yekun iclasda Cavaxişvili bütün partiyaların aldığı səslərin faizini açıqlayıb.
“Gürcü Arzusu” ilə yanaşı, dörd müxalifət partiyası 5 %-lik baryeri keçib. Dəyişiklik Koalisiyası 11.03 % səs toplayaraq parlamentdə 19 mandat, “Birlik-Milli Hərəkat” partiyası 10.17 % səs toplayaraq 16 parlamentdə mandat, “Güclü Gürcüstan” partiyası 8.81 % səslə parlamentdə 14 mandat, keçmiş baş nazir Girogi Qaxariyanın rəhbərlik etdiyi "Gürcüstan Üçün" partiyası isə 7.78 % səslə 12 mandat əldə edib.
Maraqlıdır, Gürcüstanın Seçki Komissiyasının hakim partiyanın qələbəsini təsdiqləməsi ölkədə də etirazları daha da şiddətləndirəcək?
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Gürcüstanda hakim partiya Gürcü Arzusu proseslərə nəzarəti tam ələ alıb:
“Hesab edirəm ki, Gürcüstanda etiraz aksiyaları artıq arxada qalıb. Bu proses artıq bitib. Seçki ərəfəsində və seçkidən sonrakı günlərdə müxalifətin baş tutan mitinqlərində ciddi siyasi hadisələrə şahidi olmadıq.
Sadəcə toplaşdılar, sonra isə dağılışdılar. İqtidara qarşı mübarizədə müxalifət vahid mövqedən çıxış etmirdi, dağınıq şəkildə fəaliyyət göstərirdi. Müxalifətin, hətta vahid lideri yox idi. Eyni zamanda Donald Trampn prezident seçilərində qələbə çalması böyük ehtimalla Gürcüstanı arxa plana keçirəcək.
Düşünürəm ki, Gürcüstanda proseslər hakim partiyanın tam nəzarətinə keçəcək. Gəlin ildə Gürcüstan prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə müxalifəti dəstəkləyən Salome Zurabaşvili öz postundan ayrılacaq. Ölkədə stabillik tam bərqərar olacaq.
Ola bilsin ki, müxalifətin etiraz aksiyaları keçirilsin və ya hər hansı toqquşmalar baş versin, amma bunun həlledici təsiri olmayacaq. Hakim partiya güclüdür və prosesləri öz nəzarətində saxlayacaq”.