AZ

Parlament Görüşü çərçivəsində iqlim öhdəliklərinin reallığa çevrilməsi üzrə sessiya başladı

Bakıda COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı "İqlim öhdəliklərinin reallığa çevrilməsi: Parlamentlərin təsirlərin yumşaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsində rolu" mövzusunda sessiya öz işinə başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, keçirilən sessiya Paris Sazişi çərçivəsində qəbul olunmuş təsirlərin yumşaldılması üzrə öhdəliklərin real milli fəaliyyətlərə çevrilməsinin necə təmin ediləcəyinə həsr olunub.

Sessiyada parlamentlərin 2025-ci ildə təqdim edilməsi planlaşdırılan yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) hazırlanması və həyata keçirilməsində rolu xüsusi diqqət mərkəzində olacaq.

Sessiya zamanı milli səviyyədə istixana qazları, o cümlədən metan emissiyalarının azaldılması üzrə qabaqcıl təcrübələr nümayiş etdiriləcək və bu təşəbbüslərdə parlamentlərin əsas rolu vurğulanacaq.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Seçilən
3
5
day.az

6Mənbələr