AZ

COP29-un Azərbaycanda keçirilməsi dünyanın Azərbaycana olan etimadıdır ŞƏRH

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Sammitdə Prezident İlham Əliyev çıxışının əvvəlində Azərbaycanın COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxdığını qeyd edərək bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir, onlara maddi və texniki dəstək göstərmək lazımdır ki, ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, həmçinin Azərbaycana təsir göstərir. Belə ki, Xəzər dənizi hər il daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Təəssüflər olsun ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Qısaca, hər bir ölkə təsirə məruz qalır, amma kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Ölkə rəhbərimiz Azərbaycanın kiçik ada dövlətlərinə birmənalı dəstək nümayiş etdirdiyini vurğuladı: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.

Dövlət başçımız qeyd etdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. COP-la bağlı planlarını müzakirə etmək üçün cari ilin mayında Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərlərinin Azərbaycana səfər etdiyini vurğulayan dövlət başçısı diqqətə çatdırdı ki, qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Cari ilin sentyabr ayında isə İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Bu gün proses ehtiyac duyan ölkələrə, əsasən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.

Prezident Neokolonializm və iqlim dəyişmələrinə diqqət çəkərək bildirdi ki, Fransa və Niderlandın əsasən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Dəniz səviyyəsinin artması, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Bir çox hallarda həmin icmaların səsinin onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu vurğulayan dövlət başçısı bu gün, XXI əsrdə də onların da müstəmləkə hakimiyyətindən əziyyət çəkdiklərini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışının sonunda dedi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək."

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Seçilən
40
sesqazeti.az

1Mənbələr