AZ

Zaur Mikayılov: “Azərbaycan Xəzərin duzsuzlaşdırılmasına sərmayə qoymaqla su təchizatını yaxşılaşdıra bilər”

Enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə sərmayə qoymaqla Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır.

FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Davamlı su ehtiyatlarının idarə edilməsində innovativ yanaşmalar" mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, diqqətçəkən təşəbbüslərdən biri Abşeron yarımadasının alternativ içməli su mənbələri ilə təmin edilməsi üçün duzsuzlaşdırma texnologiyasının, xüsusən də Xəzər dənizinin suyunun planlaşdırılmış istifadəsidir: “İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır. Əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını təmin etmək üçün qabaqcıl həllərin qəbulunu vacib edir. “Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır. Bu reallıqlar sudan istifadənin səmərəliliyini artıran və davamlılığı gücləndirən innovativ, uyğunlaşa bilən həllərin aktuallığını vurğulayır”.

Agentlik rəhbəri qeyd edib ki, bu çağırışlara cavab olaraq Azərbaycan su idarəçiliyində innovativ yanaşmaları qəbul edib: “Ölkədə adambaşına illik su ehtiyatı 3 253 kubmetr olsa da, transsərhəd mənbələri nəzərə almasaq bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1 051 kubmetr düşür. Proqnozlar göstərir ki, 2025-ci ilə qədər Azərbaycan qlobal miqyasda adambaşına düşən yerli su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər”.

Z.Mikayıov bildirib ki, həmçinin, Azərbaycanda, əkinlərə birbaşa lazımi miqdarda su çatdıran və bununla, israfı minimuma endirən damcı və pivot sistemlər kimi qabaqcıl suvarma üsulları tətbiq olunur: “Müxtəlif sektorlarda biz lazımsız su itkisinin qarşısını almaq məqsədi ilə ağıllı ölçmə və sızma aşkarlanması da daxil olmaqla suya qənaət edən texnologiyalardan istifadə edirik. Bu vahid yanaşma dayanıqlı su ehtiyatlarının idarə edilməsini dəstəkləyir, karbon emissiyalarını azaldır və istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq kimi qlobal məqsədə uyğundur. Davamlı su idarəçiliyi və iqlim davamlılığı beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir. Su qıtlığı və iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemlərdəndir. Tərəfdaşlıq, bilik mübadiləsi və birgə səylər nəticəsində biz xüsusilə inkişaf etməkdə olan ölkələrdə innovativ su idarəçiliyi təcrübələrini inkişaf etdirə, tənzimləyici bazaları gücləndirə və potensial yarada bilərik”. (Report)

Seçilən
33
5
fed.az

10Mənbələr