AZ

Vüsalə Mahirqızı: Əsas məqsədimiz odur ki, mənbə rolunu öz əlimizdən verməyək - MÜSAHİBƏ

Bu gün "Azəri-Press" Agentliyinin (APA) yaranmasının 20-ci ildönümüdür. Bu gün media məkanında qabaqcıl yerlərdən birini tutan APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentliyin informasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. 

"Azəri-Press" Agentliyinin də daxil olduğu APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı Modern.az-la həmsöhbət olub. 
 

- APA Azərbaycan mediasında sanballı yerə malikdir. Həmişə fərqlənmisiniz. Bundan sonra fərqlənmək üçün hansı addımları atacaqsınız?
 

- Əvvəla sizə və Modern.az-ın rəhbəri Elşad Eyvazlıya, bütün kollektivinizə təşəkkür edirəm. Modern.az hər zaman bizə qarşı diqqətli olub. Çox sağ olun.

Açığı, agentliyimiz üçün əsas prioritet yeni yaratdığımız "APA jurnalist məktəbi"nin daha da inkişafı və böyüdülməsidir. Biz buna çox ciddi resurs kimi baxırıq. İstəyirik ki, bu məktəb APA və onun digər qurumları kimi uğurlu layihə olsun. Hesab edirik ki, bu gün Azərbaycan mediasında ən çox yeni medianı bilən mütəxəssislərə, gənc jurnalistlərə ehtiyac var. Hazırda ən çox diqqətimizi ayırdığımız layihə budur. Çünki bu, qrant layihəsi deyil. Mənim öz ideyam və APA Media Group-un dəstəyi, öz daxili resursları ilə həyata keçirilən layihədir. Ümid edirəm ki, bu, çox böyük media məktəbinə çevriləcək. Düşünürəm ki, 20 ilini qeyd etdiyimiz APA-nın belə bir layihə həyata keçirməyə, uğur qazanmağa haqqı və bacarığı var.


- Yeni medianı bilən jurnalistlərin yetişdirilməsini hədəfləyirsiniz. Bəs hazırda medianın bu sahədəki vəziyyətini necə qiymətləndirirsiniz?


- Mən şəxsən çox bədbin deyiləm. Çünki yeni medianı kifayət qədər çox yaxşı bilən gənclər gəlirlər. Bunu fərəhlə demək olar ki, Bakı Dövlət Universitetinin və digər universitetlərimizin Jurnalistika fakultələri sözün həqiqi mənasında kifayət qədər yenilənir. Yeni rəhbələr var, yeni media sahələri ilə bağlı müxtəlif həllər ortaya qoyublar. Daha maraqlı nəsə etməyə çalışırlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, jurnalistika təkcə bir peşə deyil. Bu, bir həyat tərzidir və insanlar ona laboratoriyalarda, konkret istehsalat müəssisələrində yiyələnməlidirlər. Bizim uzun illik təcrübəsi olan jurnalistlərimizin böyük əksəriyyətinin, mən də daxil olmaqla başlanğıc məktəbi qəzetlər olub. Bu gün isə artıq yeni media, sosial media alətləri ilə işləmək, xəbərləri hazırlayarkən onun sosial şəbəkələrə, axtarış sistemlərinə uyğunluğunu öyrənmək məsələsi var. Bu, prioritetdir. Çünki biz xəbəri yazırıqsa, təbii olaraq, demək, onun oxunmağını istəyirik. Xəbəri yeni prinsiplərə uyğun yazmaq lazımdır ki, yeni media alətlərinə uyğun olsun. Bu, konkret laboratoriya və müəssisədə öyrədilməlidir. Məhz buna görə də jurnalist məktəbi yaratmağa qərar vermişik.

Hazırkı dövrdə digər bir məsələ də var: dövlət strukturlarımız kommunikasiya və piara üstünlük verirlər. Bu, çox yaxşı haldır. Hər dövlət qurumunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Medianın hazırladığı uğurlu, çevik kadrları onlar çox tez özlərinə transfer edə bilirlər. Beləliklə, yenə də mediada kadr boşluğu yaranır. Hazırda bizdə 10-dan artıq vakansiya yeri var. Böyük əksəriyyəti müxbir və redaktor vakansiyalarıdır.
Əvvəllər informasiya texnologiyaları üzrə mütəxəssislər tapmaqda çətinlik çəkirdiksə, bu gün müxbir və redaktor, eyni zamanda sosial media marketiniqi (SMM) mütəxəssisləri tapmaq çətinləşib. Bu adamlar media üçün xüsusi hazırlanmalıdır. Sosial media dövrü daha da genişlənir. İnsanların bir hissəsi özlərinin şəxsi bloqlarını qurub orada fəaliyyət göstərməyə üstünlük verirlər. Buna görə də nə qədər çox media mütəxəssisi hazırlasaq, o qədər azdır.

Azərbyacan mediasının bu gün ən böyük ehtiyaclarından biri də CEO mütəxəssisləridir ki, onlar da tapılmır. Yeni mediaya uyğun menecment həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var. Bunlar jurnalistikaya bağlı olan ayrı-ayrı peşələrdir. O baxımdan nə qədər çox mütəxəssis hazırlasaq, hələ bir neçə il az olacaq.                                                                                                                                                       

- Sosial medianın genişləndiyi bir zamanda KİV-lər ona uduzmamaq üçün nələr etməlidir? Sosial media ilə ənənəvi mətbuatın fərqini nələrdə görürsünüz?
                                                                                                          

- Azərbaycan mediası üçün müsbət bir cəhət var. Sosial şəbəkələrdə monitorinq aparılsa, xəbər dominantlığının mediamızın üzərində olduğunu görəcəksiniz. Sosial şəbəkələrdə xəbərlər çox yayılır. Amma o xəbərlərin mənbəyi mediadır. Blogerlər xəbələri APA-dan, Modern.az-dan götürüb oxuyur, sonra da yayırlar. Mənbə rolunu isə hələ də media oynayır. Bizim əsas məqsədimiz bundan ibarət olmalıdır ki, uzun müddət bu mənbə rolunu oynamağı öz əlimizdən verməyək. Bunun üçün də inanılan və etibarlı xəbər mənbəyi olmaq lazımdır. Sənin verdiyini xəbərlər sosial mediada o zaman etibar qazanır ki, "APA yayıbsa, yalan yoxdur" deyirlər. Belə olan halda həmin xəbəri yaymaqla məşğul olurlar. Sosial media belə vəziyyətdə bizim üçün əlavə köməkçi vasitə rolunu oynayır. Burada qarşılıqlı əlaqə var. Belə ki, sosial media bizim özümüz üçün də mənbədir. Sosial mediadan da xəbərlər götürürük. Amma bu zaman qarşıya bir şərt qoyulur. Həmin xəbərlər müxtəlif rəsmi kanallar və digər mənbələrlə dəqiqləşdirilməlidir. Sosial mediadan hər şeyi götürüb yayanda, ondan bir fərqimiz olmur. Bizi sosial mediadakı şəxslərdən fərqləndirən odur ki, rəsmi kanallara çıxışımız var, eyni zamanda,  öyrətdiyimiz jurnalistika texnikası və vasitələri xəbəri daha dəqiq, ilkin olandan daha əhatəli formada yaymağa imkan verir. Sosial media hadisənin təfərrüatları ilə məşğul olmur, o, xəbəri birinci verməklə hadisəyə diqqət çəkmiş olur. Hadisənin izlənilməsi, onu doğuran səbəblər və nəticələri barədə işləmək artıq medianın işidir. Bunu mediadan başqa heç kim bacarmaz.               
                                                       

 - APA 4 xarici dildə - rus, ingilis, fransız və fars dillərində də fəaliyyət göstərir. Daha başqa hansısa dillərdə xidmət barədə düşünürsünüz?
   
                                         

- Əlbəttə, düşünürük. Bizim əsas istiqamətlərimizdən biri də budur. Ölkəmizdə xaricidilli insanların sayı çoxalır. Bu, çox yaxşı haldır. Transmilli mediaya baxan insanların sayı çoxalır. Ən optimist formada desək, etiraf etməliyik ki, ölkə əhalisinin yalnız 10-15 faizi alternativ mənbələrdən xəbər alır. Digər kəsim isə Azərbaycan dilində, öz mənbələrimizdən məlumat alır. Bu, bütün dünyada belədir. İnsanlar öz dillərində xəbər almağa, ana dilində oxuyub dərk etməyə daha çox üstünlük verirlər.

O baxımdan nə qədər çox dillərdə yayımlansaq, nə qədər çox insan öz dilində bizdən xəbər mənbəyi kimi istifadə etsə, nə qədər çox ölkənin mediasına xitab edə bilsək, ölkə olaraq informasiya mühitində o qədər çox nüfuzumuz olacaq.

Bu gün İran mediası Azərbaycanla bağlı xəbərlərin 90 faizini APA-ya və digər agentliklərimizə istinad edir. Rusiya da bizə istinad edir. Çünki bu dillərdə fəaliyyət göstərən çox sayda media quruluşlarımız var. Digər dillərə də eyni formada çıxmalı, o ölkələrin media qurumları ilə əlaqələrimizi qurmalıyıq. Bizi birbaşa ikitərəfli əlaqələr daha da inanılmış informasiya mənbəyinə çevirə bilər.                                                                                                                                                                        

- APA həm də bir sıra ölkələrdə xüsusi müxbirləri olan informasiya agentliyidir. Yeni dövrdə daha hansı ölkələrə xüsusi müxbir təyin etməyi düşünürsünüz?                 
                                                       

- Hesab edirəm ki, tək APA yox, ümumilikdə Azərbaycan mediası Afrika və Latın Amerikası ölkələrində fəal işləməlidir. Çünki gələcəkdə daha çox proseslərin keçə biləcəyi ölkələrdir. Məsələn, mən çox istəyərdim ki, Çində xüsusi müxbirimiz olsun.      
                                                                                           

- Etibarlı media qurumu olmağın önəmindən danışdınız. Necə oldu ki, APA inanılan media orqanlarından biri oldu? Hətta bir ara APA bağlandı, yenidən fəaliyyətə başladı...                                                                                                       

 - Buna xəbəri dəfələrlə yoxlayıb verməklə nail olmuşuq. Bizə rəsmi "e-mail"dən də xəbər gələndə, bəzən şübhəmiz varsa, alternativ mənbələrimizlə dəqiqləşdirilir.

Seçilən
44
modern.az

1Mənbələr