AZ

Separatçıların lideri istefa verməyə HAZIRDIR

Abxaziyada separatçıların lideri Aslan Bjaniya istefa verməyə hazır olduğunu bildirib.

 

Modern.az bu barədə "Kommersant" qəzetinə istinadən xəbər verir.

 

Bjaniya doğulduğu Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşdə bu barədə danışıb. O, müxalifət qüvvələrinin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu bəyan edib.

 

Bjaniya əlavə edib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada keçiriləcək "prezident seçkilərində" namizədliyini irəli sürəcək.

 

O, etirazçıların hərəkətini "dövlət çevrilişi" adlandırıb. Bjaniyanın sözlərinə görə, müxalifət təzyiq göstərir və "deputatları" “prezidentin istefası ilə bağlı qeyri-qanuni qərar” qəbul etməyə məcbur edir: “Bu qərar verilməyəcək. İstəmirəm sizdə hakimiyyətdən yapışdığım təəssüratı yaransın... Mən seçki təyin etməyə, istefa verməyə... və seçkiyə getməyə hazıram. Qoy insanlar kimə dəstək verəcəklərini desinlər”.

 

Qeyd edək ki, Abxaziyada etirazlar noyabrın 11-də başlayıb. Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb. Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək. Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar.

 

Bu gün isə etirazçılar separatçıların binalarına hücum ediblər. Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər.

Seçilən
10
modern.az

1Mənbələr