AZ

Abxaziyadakı etirazların arxasına duran MƏQAMLAR – “Qarabağda baş verənlərin…”

 

“Məlumdur ki, Abxaziyadakı aksiyalara səbəb yeni “qanun”un qəbuludur. Hansı ki, rusiyalı investorlara yeni, daha güzəştli şərtlərlə fəaliyyət göstərmək və ayrı-ayrı torpaq sahələrinin özəlləşdirilməsindən tutmuş, daha böyük imkanlar yaradılması nəzərdə tutan “qanun” orada qəbul olunub”.

Bu sözləri Yenicag.az-la söhbətində siyasi təhlilçi Rəşad Bayramov deyib.

Mütəxəssis Gürcüstanın işğal altında olan suveren ərazisi Abxaziyada başlayan etiraz aksiyalarının siyasi motivlərini şərh edib.

“Məsələ burasındadır ki, bu, sadəcə bəhanədir. Çünki gələn il Abxaziyada yeni növbəti “prezident seçkiləri” nəzərdə tutulurdu və Abxaziyanın “müxalifət”i də “prezident seçkiləri”ndə indiki “hakimiyyət”in getməsi və onun mövqelərinin zəiflədilməsi üçün bu “qanun layihəsi”ndən bir bəhanə kimi istifadə edərək, insanları meydanlara toplamağı bacardılar. Burada bir məqamı xüsusi olaraq qeyd eləmək lazımdır. Bu da ondan ibarətdir ki, bugünkü Abxaziyanın “lider”i Aslan Bjaniyanın özündən belə Rusiyanın narazılığı var. Moskva onun kifayət qədər Rusiyanın maraqlarını effektiv təmin edə bilmədiyi qənaətindədir və bu məsələ də Abxaziya “müxalifəti”nin mövqelərini bir az möhkəmləndirib. Nəzərə almalıyıq ki, “müxalifət”in içərisində elə qondarma rejimin keçmiş “nazir”ləri, “mer”ləri və digərləri də var”, – o, söyləyib.

Analitikin fikrincə, bu baxımdan, Abxaziyada baş verənləri reinteqrasiya prosesinin başlanması kimi və yaxud da Abxaziyanıın yenidən Gürcüstana birləşdirilməsi kimi qəbul edə bilmərik:

“Düzdür, Gürcüstanda seçkilərdən öncə və sonra da Abxaziya və Cənubi Osetiya, habelə Gürcüstanın bütövləşməsi ilə bağlı mesajlar verildi. Hətta Kreml Cənubi Osetiyada referendum keçirib bölgənin Rusiyanın tərkibinə birləşməsi ilə bağlı məsələləri dayandırdı və bu da Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində yuridik hüququnun bərpa olunacağı ehtimallarını çoxaltdı. Amma ortada məqamlar var. Məqamlar da ondan ibarətdir ki, Qarabağdan fərqli olaraq, Rusiya həmin o separatçı rejimi “müstəqilliy”ini tanıyıb. Yəni “müstəqilliy”ini tanıdıqdan sonra Rusiyanın birdən-birə indi hər şeydən imtina edib reinteqrasiya prosesini başlatması və yaxud da Qarabağda baş verən hadisələrin Abxaziyada təkrar olunması indiki məqamda mümkünsüz görünür. Amma gələcək mərhələdə danışıqlar prosesi çərçivəsində məsələnin bu və ya digər şəkildə həlli mümkündür. Lakin buna hələ çox müddət var”.

R. Bayramov onu da vurğulayıb ki, hazırda Suxumidə olan etirazlar, sadəcə, nəbz yoxlamasıdır:

“Biz bilirik ki, Abxaziyada baş verənlərdən dərhal sonra Rusiyanın Dövlət Dumasından ayrı-ayrı komitə sədlərinin bəyanatları oldu. Bu bəyanatlarda da məhz hədəf olaraq Abxaziyanın “müxalifət”ini yox, Abxaziyadakı mövcud “hakimiyyət” və “prezident”i hədəfə alınan mövqe sərgiləndi. Biz hazırda meydanlarda olan “müxalifət” nümayəndələrinin əllərində Rusiya bayraqlarının olması, “Rusiya, Rusiya” şüarlarının çağırılması, “lider”lərin “Abxaziyanın ayaq üstə durması Rusiyasız mümkün deyil” kimi bəyanatlar verdiyinə şahidlik edirik. Yəni Rusiya, sadəcə olaraq, Abxaziyada dəyişiklik etmək istəyir. Bununla da Gürcüstana konkret olaraq mesajlar vermiş olur”.

“Rusiyanın bu birləşmədə ortaya qoyduğu mövqe ondan ibarət idi ki, konfederativ bir dövlət quruluşuna keçid olsun. Yəni Abxaziya, Cənubi Osetiya və Gürcüstanda konfederasiya qurulsun. Odur ki, bu nəbz yoxlaması kimi qəbul olunmalıdır və indiki məqamda orada baş verənləri Qarabağda baş verənlərlə eyniləşdirmək mümkün deyil. Abxaziyanın Gürcüstana qayıtması üçün uzun bir proses lazımdır və prosesin də necə baş verəcəyi Gürcüstan və Rusiya arasında münasibətlərin bundan sonrakı inkişafından asılı olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
41
yenicag.az

1Mənbələr