AZ

Maskasını çıxaran Borrell və Makronun cılızlığı - R

Azərbaycan COP29 tədbirini yüksək səviyyədə təşkil edir və bu tədbirin ev sahibi olaraq bütün öhdəliklərini ən yüksək səviyyədə həyata keçirir.

Lakin iqlim dəyişikliklərinin təsirlərini aradan qaldırmaq və daha yaxşı gələcəyi təmin etmək üçün təşkil edilən bu tədbirləri siyasiləşdirmək istəyən və qarayaxma kampaniyası həyata keçirən bir çox qüvvələr var ki, onların bu yanaşmaları və ümumiyətlə COP29-u boykot siyasətləri özünü doğrultmadı. Faktiki olaraq, liderlərin toplantısında da Prezident İlham Əliyev məhz Fransanın müstəmləkəçilik siyasətini tənqid etdi, Makron hakimiyyətini bu siyasətini dəyişməyə çağırdı. Eyni zamanda, Avropa İttifaqından Cozef Borrell və başqalarının boykotla əlaqədar yanaşmalarına tutarlı cavablar vermiş oldu.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, bu cəsarətli çıxış və dünya dövlətlərinin liderlərinin gözü qarşısında bu mövqeyi ortaya qoya bilmək, həqiqətən də böyük cəsarət, məharət və iradə tələb edir ki, cənab İlham Əliyev bunu etdi.

Millət vəkili hesab edir ki, bu çıxışları Qoşulmama Hərəkatının sədri olduğumuz dönəmdə cənab prezidentin çıxışlarının davamı kimi dəyərləndirmək olar. Dünya ictimaiyyəti məhz baş verən ikili standartlar və öz problemlərini həll etmədən başqalarına dərs keçmək istəyən bu siyasətçilərə doğru yerlərini bildirməlidirlər. Dünya dövlətləri də məhz iqlim dəyişiklikləri ilə bağlı həmrəyliyi nümayiş etdirməlidirlər.

"Cənab prezident öz çıxışında bütün bu məsələlərə ətraflı toxundu və biz inanırıq ki, Azərbaycanın bu günə qədər ada dövlətlərinə göstərdiyi yardımlar digər dövlətlər üçün də nümunə olacaq. Eyni zamanda, Fransanın həyata keçirdiyi bir çox nüvə sınaqları nəticə etibarilə iqlim dəyişikliklərinə çox böyük təsir edir və ətraf mühiti çirkləndirir. Azərbaycanın sülh çağırışlarına, gələcək COP tədbirlərinə ev sahibliyi edəcək dövlətlərin də sadiq qalması, bu ənənəni davam etdirməsi çox yaxşı olardı.

İstənilən halda, Azərbaycan bu boykot kampaniyasının qarşısını uğurla ala bildi və dünya liderlərinin Azərbaycana təşrif buyurması, bu günə qədər çox sayda ekspertlərin, siyasətçilərin, parlament rəhbərlərinin, nümayəndələrinin, hökumət rəhbərlərinin Azərbaycanda iştirakı boykot kampaniyasını həyata keçirən qüvvələrə tutarlı cavab oldu. Artıq bu tədbirlər uğurla həyata keçirilir”.

Deputat ümid ki, növbəti illərdə Azərbaycanın bu proseslərdə aktiv iştirakı təmin olunacaq və ən əsası qlobal istiləşməyə qarşı birgə mübarizə üçün maliyyə axtarışının həyata keçirilməsi reallaşacaq.

"Eyni zamanda, dövlətlər öz öhdəliklərini yeniləyəcək. Yaşıl enerjiyə keçidlə bağlı artıq böyük işlər görülüb. Azərbaycan regionda bu sahəyə ən çox sərmayə ayıran dövlətdir. Azərbaycan Qara dənizin dibi ilə Avropaya yaşıl enerjini nəql etmək üçün meqalayihə həyata keçirməkdədir".

N.Həmzəyev həmçinin bildirib ki, Azərbaycanın bu yanaşmaları region dövlətlər üçün də nümunə olacaqdır. Biz daha yaxşı gələcək qurmaq, gələcək nəsillərə təmiz, ekoloji cəhətdən çirklənməyən dünya buraxmaq üçün hər kəs öz üzərinə düşən yükü və məsuliyyəti anlayacaq və bunun üçün töhfələr verəcəkdir.

Digər müsahibimiz Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, artıq Azərbaycan dünyada miqyasına və əhəmiyyətinə görə ən böyük böyük tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməkdədir.

"Bu tədbirin əhəmiyyəti, keçirilməsi ilə bağlı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, imici bir sıra qüvvələri narahat edir və məhz həmin o narahatçılıq eyni zamanda anti-Azərbaycan mövqeyi, bəzi məqamlarda isə ermənipərəst münasibət bir sıra qüvvələri, dövlətləri, təsisatları, o cümlədən də bəzi anti-Azərbaycan şəxsləri Azərbaycana qarşı yenidən siyasi hücumlar təşkil etməyə vadar edir.

Əslində, onların sayı az olsa da, hər bir halda səsləndirdikləri bəyanatlar, etdikləri çağırışlar ikrah doğurur. Heç bir əsası olmayan, absurd və əsassız ittihamlarla dolu olan belə bəyanatlar təbii ki, onların uğursuzluğunu bir daha bütün dünyanın gözü qarşısında canlandırır. Onlardan biri də, bütün fəaliyyət və yaradıcılığını Azərbaycana qarşı hücumlara sərf edən Cozef Borrell kimi cılız siyasətçilərdir. Cozef Borellin mövqeyi bir daha sübut edir ki, Avropadan olan bəzi qüvvələr dünyanın, bəşəriyyətin, insanlığın ciddi problemi olan iqlim dəyişmələri ilə bağlı prosesə elə Cozef Borrellin özünün “Avropa İttifaqı bağ, dünyanın qalan hissəsi isə cəngəllikdir” sözləriylə bütün dünyanı cəngəllik hesab edən o baxışlarına uyğundur.

Bir məqamı diqqətə çatdırmaq lazımdır ki, növbəti dəfə daha böyük platformada, dünyanın diqqətinin cəlb olunduğu məqamda Cozef Borrell, Makron və bu qəbildən olan insanların siyasi uğursuzluqları, etdikləri cəhdlərin daşa dəyməsinə bir daha şahidlik etmiş olduq".

Politoloq hesab edir ki, burada bir daha Azərbaycanın gücü, nüfuzu və beynəlxalq aləmdə Azərbaycan dövlətinə, onun yürütdüyü siyasətə, prezident İlham Əliyevin siyasi, diplomatik manevrlərinə hörmətin əlamətidir. COP29 tədbiri həm də onu sübut etdi ki, Azərbaycan istənilən beynəlxalq tədbiri keçirmək, ona ev sahibliyi etmək üçün bütün resurslara, iqtisadi gücə, infrastruktura sahibdir. Bütün bunlar bizim bu tədbiri keçirməklə bağlı əldə etdiyimiz uğurların bir istiqamətidir.

“Nəzərə almaq lazımdır ki, Cozef Borrell və Emmanuel Makron kimi insanlar Azərbaycanın İkinci Qarabağ Müharibəsində əldə etdiyi uğurları, Azərbaycanın ərazi bütövlüyünü və bütün ərazilərdə suverenliyini bərpa etməsi amilinin reallıqlarını qəbul etmək istəmirdilər. Ancaq bütün dünya həmin o reallıqları qəbul etdiyini göstərərək, Azərbaycana təşrif buyurdu və həmin önəmli tədbirdə iştirak etmək üçün dünyanın yüzə qədər dövlət və hökumət başçıları, vitse-prezidentləri, baş nazirləri, 200-ə qədər dövlət nümayəndələri Azərbaycana səfər edib. O şəxslərin bir çoxlarının Azərbaycana ilk dəfə səfər etməsi və Azərbaycan reallıqları ilə tanış olmaları gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna müsbət təsir göstərəcək, həm də təmsil etdikləri dövlətlərlə, beynəlxalq təsisatlarla Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq”, - deyə X.Bəşirov vurğulayıb.

Aminə Nəzərova

Seçilən
53
1
operativmm.az

2Mənbələr