AZ

İcbari Sığorta Bürosu Almaniyada yol qəzasına görə 80 min manat ödəniş etdi

İcbari Sığorta Bürosu (İSB) "Yaşıl kart” - beynəlxalq sığorta sistemi çərçivəsində 79 681 manat (43 099 avro) ödəniş edib.

Qaynarinfo bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, sığorta ödənişi Almaniyanın Dortmund şəhərində Azərbaycanın "Yaşıl kartı”na malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsinə görə verilib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın "Yaşıl kart” sahiblərinin təqsiri üzündən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 264 yol qəzası baş verib. Həmin sığorta hadisələrinə görə 998 846 manat ödəniş həyata keçirilib.

"Yaşıl kart” üzv büroların qarşılıqlı zəmanəti ilə, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.

İSB 2016-cı ildən Beynəlxalq Bürolar Şurasına üzv olmaqla əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir, "Yaşıl kart” sistemində Azərbaycanı təmsil edir. 2023-cü il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycanın "Yaşıl kart"ları satılır.

Seçilən
20
11
qaynarinfo.az

10Mənbələr