AZ

Valideynlərə pis xəbər: “Ciddi fəsadlar törədəcək...”

Valideynlərin əksəriyyəti övladları üçün gözəl şərait qurmaq, onları ən doğru şəkildə həyata hazırlamaq istəyir və bunun üçün bütün güclərini sərf edirlər. Ancaq bəzən bunları edən ana-atalar önəmli bir detalı gözdən qaçırırlar. Bu da övladlarının düzgün formada yetişib tərbiyə olunmasıdır.

Qeyd-şərtsiz hər bir ana və ata uşağını hər kəsdən çox sevir və qoruyur. Lakin bəzən bu qorumanın dərəcəsini doğru formada tənzimləyə bilmirlər və övladlarının gələcək həyatına zərər vermiş olurlar.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Kənan Rəhimov qeyd edib ki, valideynlərin uşaqlarını həddən artıq sevib qoruması onların həyatında ciddi fəsadlara rəvac verə bilər:

“Valideyn tərəfindən doğru tərbiyə verilən, uşaqlıqdan müstəqil qərarlar verməyə, ev tapşırıqlarını özü icra etməyə, öz seçdiyi idmanla məşğul olmağa şərait yaradılan uşaqlar öz istək və qərarlarını verə bilirsə, gələcəkdə məsuliyyət daşıya bilirlər. Öz otağında oyuncaqları yığışdırmaq proseduru belə valideynlər tərəfindən verilən tərbiyədə müsbət təsir göstərir. Bu xüsusiyyət uşaqda təfəkkür yaradır. Məsələn, valideyn övladına tələb qoyur ki, oyuncaqları yığışdırmadan masa arxasında oturmayacaqsan. Bu zaman o, otağındakı səliqə-səhmana görə cavabdehlik daşıdığını başa düşür və otağını yığışdırmağa başlayır. Hətta bir müddətdən sonra özü oyuncaqlarını, əşyalarını səliqədə saxlamağı öyrənir. 7-8 yaşında uşaq belə olsa, valideynin onun dağıtdığı, yerə atdığı oyuncaqları yığışdırması uşağın yetkin şəxsiyyət kimi formalaşmasına mane olur. Valideynlər övladlarına qarşı həddən artıq sevgi və təşviş hissi keçirirlərsə, hər şeydən qorumaq istəyəndə bu onların xeyrinə olmur, əksinə, sağlam yetişmələrinə əngəl törədir. Ona görə həmişə həyəcanlı və narahat olan analar uşağının zehni və psixoloji inkişafını əngəlləyir, məsuliyyət daşıyıb qərar verməyə öyrətmirlər. Məsuliyyəti daim öz üzərlərinə götürdükləri üçün övladlarında bu xüsusiyyət inkişaf etmir. Simbiotik münasibətin ən böyük fəsadı da elə budur”.

Psixoloq bildirib ki, 17-18 yaşında belə, ana öz uşağına məsuliyyət hissini aşılasa, ona imkan versə, o şəxs bir neçə ildən sonra yetkin bir formada öz həyatı barədə müstəqil qərar verib, öhdəlik götürə bilər:

“Nəticədə bu insan cəmiyyətdə sərbəst fəaliyyət göstərə bilir. Öhdəliklərini ödəmək üçün hansı işə gedirsə, gözləmir ki, iş tapmadığı halda ana-atası onun tələbatlarını ödəsin. Başa düşür ki, qərarı bu gün verməlidir və hansı işin öhdəsindən gələ bilirsə, o işdə fəaliyyət göstərməlidir. Beləliklə, məsuliyyətini dərk edir ki, işi yaxşı icra etdiyi təqdirdə gələcəkdə yaxşı qonorar ala  və tələbatlarını ödəyə bilər. Bu cür şəxslər yetkin şəxsiyyətlər olur. Artıq ailə quranda da həm valideynlərinə, həm də həyat yoldaşına qarşı eyni sevgini göstərə bilir. Yetkin şəkildə formalaşmayan adam gələcəkdə valideynin ona göstərdiyi qayğı və sevgini eyni şəkildə özlərinə qaytara bilmir. Çünki özünün mənəvi tələbatlarını ödəməyi bacarmır. Nankor övlad dedikləri isə sadəcə yetişməyən şəxsdir”.

Seçilən
51
4
olke.az

5Mənbələr