AZ

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi yekunlaşır

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi yekunlaşır, ilkin test imtahanına başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) TƏHSİL.BİZ -ə bildirilib ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin elektron qeydiyyatı zamanı 2649 nəfər müraciətini təsdiq edib. Onlardan 2257 nəfəri müsahibə mərhələsinə buraxılıb.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 1694 namizəddən 1351 nəfəri məqbul qymətləndirilərək növbəti mərhələyə buraxılıb, 152 nəfəri qeyri-məqbul qiymətləndirilib, 191 nəfəri isə bu mərhələdə iştirak etməyib.

Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan namizədlər üçün müsahibə mərhələsinin noyabrın 22-də, digər rayonlarda yaşayan namizədlər üçün isə noyabrın 29-da yekunlaşdırılması nəzərdə tutulur. Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq imtahanda iştirak etmək istədiyi günü və vaxtı seçir.

İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Hər bir test bloku üzrə (ümumi intellektual səviyyəni yoxlayan test bloku, situasiya mühakimə bacarıqlarını yoxlayan test bloku) tapşırıqların cavablandırılmasına 1 saat vaxt ayrılır. Test bloklarının hər biri üzrə ümumi nəticəsi 40 faizdən çox olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

Artıq 225 namizəd ilkin test imtahanında iştirak etmək üçün vaxt seçimi edib. Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan namizədlər üçün ilkin test imtahanının noyabrın 23-də başlanılması nəzərdə tutulur.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sual yaranarsa, [email protected] ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət etmək olar.

Seçilən
54
tehsil.biz

1Mənbələr