Azərbaycan və Türkiyənin peyklərindəki dataların qarşılıqlı paylaşımı, bərabər işlənməsi, eyni zamanda birlikdə "Kosmik Hava Tətbiqi Mərkəzi"nin məlumatlarını işləmək iki ölkə arasında ciddi inkişafa yol açacaq.
Bunu "Report"a açıqlamasında Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç deyib.
O bildirib ki, Türkiyənin peyk texnologiyası və digər kosmik sahələrdəki irəliləyişləri Azərbaycanla təcrübə mübadiləsi üçün çox önəmlidir: “Azərbaycanın bizə, bizim də Azərbaycana ötürə biləcəyimiz təcrübələr var. Hazırda Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) ilə yaxından əməkdaşlıq edir. "Azərkosmos" və Türkiyə Kosmik Agentliyi olaraq gələcək layihələrdə birlikdə faydalı işlər ortaya qoyacaq. Həmçinin Türk Dövlətləri Təşkilatının üzvləri olaraq da peyk istehsalı və digər sahələrdə birlikdə fəaliyyət və hədəflər var. İrəlidəki zamanlarda bu əməkdaşlıq hər iki ölkəyə ciddi faydalar verəcək".