AZ

Dünyanın ən böyük meyvəsi: 6,5 kq ağırlığında! 5 il əvvəl Vyetnamdan gətirdi, indi isə...

Antalyanın Alanya rayonunda yaşayan 31 yaşlı fermer Tunahan Soylu 5 il əvvəl Vyetnamdan gətirdiyi dünyanın ən böyük meyvəsi hesab olunan jackfruit (çəkil) meyvəsini uğurla yetişdirib.

Bu barədə Musavat.com Türkiyənin "Hürriyet" qəzetinə istinadla xəbər verir.

Xəbərdə bildirilir ki, bu il meyvənin ikinci məhsulunu toplayan Soylu məhdud istehsal səbəbindən artan tələbatı qarşılamaqda çətinlik çəkdiyini bildirib. O, indiyədək yetişdirdiyi ən böyük jackfruit meyvəsinin 6,5 kiloqram ağırlığında olduğunu qeyd edib.

Jackfruit Hindistan, Banqladeş, Tailand, İndoneziya və Filippin kimi ölkələrin isti və rütubətli iqlimlərində təbii olaraq yetişən tropik meyvədir. Sərt, tikanlı qabığa malik olan bu meyvə ağacda yetişən ən böyük meyvə kimi tanınır və çəkisi 40-50 kiloqrama qədər çata bilir.

Tunahan Soylu Türkiyədə hələ tanınmayan bu meyvəni yetişdirmək qərarına gəlib və bunun üçün geniş araşdırma aparıb. O, 5 il əvvəl Vyetnamdan bir dostu vasitəsilə gətirdiyi toxumları Alanyadakı bağçasına əkib.

Toxumdan yetişdirilən jackfruit ağacının meyvə verməsi uzun illər ala bilər və hər zaman uğurlu olmur. Lakin Soylu 3 il sonra ilk məhsulunu əldə edib və bu il ikinci məhsulunu toplayıb. O, jackfruit meyvəsinin Türkiyədə ilk dəfə yetişdirilməsinin böyük maraq doğurduğunu və meyvənin görünüşünün çox diqqət çəkdiyini bildirib. Ölkədə populyarlaşan bu meyvəyə tələbat sürətlə artıb və hazırda məhdud istehsal səbəbindən sifarişləri qarşılamaqda çətinlik çəkilir.

Tunahan Soylu gələcəkdə istehsalı artırmaq və daha geniş kütləyə çatdırmaq üçün planlar hazırladığını qeyd edib. O, jackfruit meyvəsinin Türkiyədə tropik meyvə sektoruna yeni bir nəfəs gətirəcəyinə inanır.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr